Bir əsrdən çox yaşı olan yararsız məsciddə hansı tədbirlər görülməlidir?

GÜNDƏM 17 oktyabr 2025, 18:40
"Məscidlər həm bizim milli mənəvi dəyərlərimizin əsas tərkib hissəsi, xüsusi ilə islam dini baxımından Allahın evi olduğu üçün bu məsələ həssas məsələdir. Biz həmişə erməniləri bizim məscidləri donuz fermasına çevirdiyi üçün qınamışıq, indi isə heç birimiz məscidlərin boş qalmasına, orada başqa fəsadlar olmasına imkan verməməliyik".

Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 

"Əgər Bakıda 1 əsrdən çox yaşı olan məscid bu vəziyyətə düşübsə, bu, həm dini, həm də mədəni baxımdan ciddi bir problemdir. Belə hallarda ilk növbədə Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti məsələ ilə maraqlanmalı və birgə tədbir görməlidir.
Bu cür tarixi məscidlər sadəcə ibadət yeri deyil, həm də milli irsimizin bir hissəsidir. Onun baxımsız qalması, narkomanların və evsizlərin orada məskunlaşması həm dini dəyərlərə, həm də cəmiyyətin mənəvi duyğularına hörmətsizlikdir".

O bildirib ki, məscid təmir olunmalı, qorunmalı və yenidən ibadətə açılmalıdır:

"Həmçinin həmin ərazi polis nəzarətinə götürülməli, belə halların təkrarlanmaması üçün daimi nəzarət sistemi yaradılmalıdır. Dövlət və dini qurumlar bu məsələyə laqeyd yanaşmamalı, tarixi məscidlərin qorunmasını milli məsuliyyət kimi qəbul etməlidir".

İlahiyyatçı deyib ki, məsciddə yaşamaq və onu sığınacaq yeri kimi istifadə etmək doğru sayılmır:

"Məscidlər dünyəvi məqsədlər üçün deyil, yalnız Allahın adı anılsın deyə tikilir. Həzrət Peyğəmbər (s) zamanında da məscidlərdə ibadət edən, Quran öyrənən insanlar olurdu, amma orada qalmaq məcburiyyəti yox idi və hər kəs təmizlik və ədəbi qaydalara riayət etməli idi.
Evsiz insanların məsciddə qalması anlaşılan hal kimi görünsə də, bu, məscidin müqəddəsliyinə ziddir. Belə şəxslərə dövlət və ictimai qurumlar tərəfindən ayrıca sığınacaq yerləri ayrılmalıdır. Məscid isə ibadət yeri kimi qorunmalı, orada sükunət, təmizlik və hörmət hökm sürməlidir".

Qeyd edək ki, Bakıda məscidlərdən biri təmir halda qalıb və evsizlərin məskəninə çevrilib. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 oktyabr 2025, 20:21
Top