YapiKredi Müraciət Forması
Texnologiya Özəl

"Google" nömrənizdən xəbəriniz olmadan istifadə edir: Onu necə deaktiv etmək olar?

Google nömrənizdən xəbəriniz olmadan istifadə edir: Onu necə deaktiv etmək olar?

Android smartfonlarında Google-un avtomatik nömrə təsdiqləmə funksiyası istifadəçinin telefon nömrəsini cihazda daxil olduğu bir neçə Google hesabı ilə əlaqələndirə bilər. Bu xüsusiyyət xüsusilə şəxsi və iş hesablarını ayrı saxlamaq istəyən istifadəçilər üçün diqqətə alınmalı məqamdır.

Demokrat.az xəbər verir ki, funksiya standart olaraq aktivdir və nömrənin hər bir hesab üçün ayrıca təsdiqlənməsini tələb etmədən işləyə bilər. İstifadəçilər isə bəzən Google-dan telefon nömrələrinin təsdiqlənməsi ilə bağlı bildirişlər aldıqdan sonra bu xüsusiyyətdən xəbər tuturlar.

Google nömrənin təsdiqlənməsini hesabın bərpası, telefon nömrəsi ilə giriş, RCS mesajlaşması və itirilmiş cihazın tapılması kimi xidmətlər üçün istifadə edir. Bununla belə, nömrənin bir neçə hesabla əlaqələndirilməsi onların məzmununun birləşdirilməsi və ya ictimaiyyətə açılması demək deyil.

Funksiyanı necə söndürmək olar?

Avtomatik təsdiqləməni deaktiv etmək üçün Android telefonunda "Parametrlər" bölməsinə daxil olmaq, daha sonra Google xidmətləri və "Bütün xidmətlər" (All services) menyusunu açmaq lazımdır. "Məxfilik və təhlükəsizlik" (Privacy & Security) bölməsində yerləşən "Phone number verification" seçiminə keçərək "Verify phone numbers automatically" parametrini söndürmək mümkündür.

Menyu adları telefonun modelindən və Android versiyasından asılı olaraq dəyişə bilər. Lazımi seçimi tapmaq üçün parametrlərin axtarış bölməsində "Phone number verification" ifadəsini yazmaq olar.

Nəşrin xəbərdarlığına əsasən, bu funksiyanın söndürülməsi nömrənin əvvəlcədən əlaqələndirildiyi hesablardan avtomatik silinməsini təmin etmir. Buna görə də şəxsi və iş hesablarını bir-birindən ayırmaq istəyən istifadəçilər hər bir Google hesabının əlaqə məlumatlarını ayrıca yoxlamalı və ehtiyac olmayan nömrələri əl ilə silməlidirlər.

Həmçinin bəzi istifadəçilərin avtomatik təsdiqləmə parametrinin sonradan yenidən aktivləşməsi ilə bağlı məlumat verdiyi bildirilir. Bu səbəbdən ayarların vəziyyətini vaxtaşırı yoxlamaq tövsiyə olunur.

Jalə