İtaliyalı onkoloq və farmakoloq Silvio Qarattini uzun və sağlam ömür sürmək üçün gündəlik fiziki aktivliyin və qidalanmada ölçülü olmağın vacibliyini vurğulayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "El Confidencial" nəşrinə müsahibəsində alim özü danışıb. 2026-cı ilin noyabrında 98 yaşı tamam olacaq Qarattininin sözlərinə görə, sağlamlığı qorumaq üçün hər gün hərəkət etmək və həddindən artıq yeməkdən çəkinmək lazımdır.
Alimin ilk tövsiyəsi gündəlik gəzintidir. O, özü hər gün təxminən beş kilometr sürətli addımlarla yeriyir. Qarattini hesab edir ki, gəzinti zamanı ürək döyüntüləri bir qədər sürətlənməli və insanda yüngül yorğunluq hissi yaranmalıdır. Bu cür fiziki aktivlik həm bədən sağlamlığına, həm də zehni fəallığın qorunmasına kömək edə bilər.
İkinci mühüm qayda isə qidalanmada ölçülü davranmaqdır. Onkoloq süfrədən tam doymadan qalmağı, həddindən artıq yeməkdən çəkinməyi məsləhət görür. Bununla yanaşı, o, kalorilərin həddindən artıq hesablanmasını və uzunmüddətli aclıq rejimlərini zəruri hesab etmir. Onun fikrincə, əsas məsələ sağlam və ölçülü qidalanma vərdişini formalaşdırmaqdır.
Qarattini yaşlı dövrdə həyat tərzini dəyişməyin gec olduğu fikri ilə də razılaşmır. O hesab edir ki, insan gəncliyində sağlamlığına kifayət qədər diqqət yetirməsə belə, istənilən yaşda daha çox hərəkət etməyə və qidalanma vərdişlərini yaxşılaşdırmağa başlaya bilər.
Qeyd edək ki, Silvio Qarattini 1963-cü ildə dərman preparatlarının araşdırılması və müxtəlif xəstəliklərin müalicə üsullarının öyrənilməsi ilə məşğul olan Mario Neqri Farmakoloji Tədqiqatlar İnstitutunu təsis edib.
Alim vurğulayır ki, uzunömürlülüyün universal sirri yoxdur. Fiziki aktivlik və balanslı qidalanma sağlamlığın qorunmasına kömək etsə də, insanın ömrünə irsiyyət, ətraf mühit və tibbi xidmətlərə əlçatanlıq kimi bir sıra amillər təsir göstərir.
Jalə


