YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Yaşlılarda ölüm riskini artıran gözlənilməz amil

Yaşlılarda ölüm riskini artıran gözlənilməz amil

Yaşlı insanların gün ərzində bir saatdan çox yatması ölüm riskinin artması ilə əlaqələndirilib. Beynəlxalq alimlər qrupunun apardığı araşdırmada bu nəticəyə gəlinib.

"Sleep Health" jurnalında dərc olunan tədqiqat çərçivəsində Vyetnamda yaşayan, orta yaş həddi 70 olan 4447 nəfərin məlumatları təhlil edilib.

İştirakçılar dörd il ərzində müşahidə olunub, onların gündüz yuxusunun müddəti və müntəzəmliyi, eləcə də gecə yuxusunun keyfiyyəti qiymətləndirilib. Bu müddətdə 514 nəfər vəfat edib.

Araşdırmanın nəticələrinə görə, gün ərzində müntəzəm olaraq bir saat və daha çox yatan yaşlı insanlarda ölüm ehtimalı gündüz yatmayanlarla müqayisədə 39 faiz yüksək olub. Gecə yuxusunun keyfiyyəti və digər amillər nəzərə alındıqdan sonra da bu əlaqə müşahidə edilib.

Bununla yanaşı, 30 dəqiqədən az və ya 30-59 dəqiqə davam edən gündüz yuxusu ilə ölüm riskinin artması arasında statistik baxımdan əhəmiyyətli əlaqə aşkarlanmayıb.

Tədqiqat müəllifləri hesab edirlər ki, uzunmüddətli gündüz yuxusu yaşlı insanlarda mövcud sağlamlıq problemlərinin göstəricisi ola bilər.

Bununla belə, araşdırma gündüz yatmağın birbaşa ölüm riskini artırdığını sübut etmir.

Editor
Redaktor