Çinin aparıcı texnologiya şirkətləri "Nvidia"dan 35 milyard dollardan çox dəyərində RTX PRO 5500 qrafik kartı sifariş edib. Lakin tələbatın istehsal gücünü üstələməsi səbəbindən şirkətin sifarişlərin hamısını vaxtında çatdırması çətin görünür.
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, "ByteDance", "Alibaba" və "Tencent" şirkətləri ümumilikdə 3 milyondan çox RTX PRO 5500 qrafik kartı sifariş ediblər. Siyahı qiymətləri əsasında hesablanan sifarişlərin ümumi dəyəri 35 milyard dolları ötür. Bununla belə, bu məbləğ faktiki satış gəlirini deyil, sifarişlərin mümkün ümumi dəyərini əks etdirir.
Mənbələrdən birinin sözlərinə görə, "Nvidia" tərəfdaşlarına sifariş etdikləri məhsulların yalnız 5-10 faizini əldə edə biləcəklərini bildirib. Digər mənbə isə şirkətin 2027-ci ildə dünya üzrə ən çoxu 3 milyon RTX PRO 5500 istehsal edə biləcəyini qeyd edib. Halbuki Çindən daxil olan sifarişlərin sayı 6 milyonu keçib.
Bir qrafik kartının qiymətinin təxminən 11 400 dollar olduğu bildirilir. Çinli şirkətlər bu avadanlıqlardan əsasən təlimi başa çatmış süni intellekt modellərinin işlədilməsi, o cümlədən çatbotların istifadəçi sorğularına cavab verməsi üçün yararlanmaq istəyirlər.
ABŞ-ın Çinə tətbiq etdiyi ixrac məhdudiyyətləri şirkətlərin daha güclü "Nvidia" çiplərinə çıxışını çətinləşdirib. "Blackwell" arxitekturasına əsaslanan B300 çiplərinin Çinə satışına icazə verilmir, "Hopper" arxitekturalı H200 prosessorlarının ixracı üçün isə müraciətlər ayrıca nəzərdən keçirilir. Bu şəraitdə RTX PRO 5500 Çin bazarında əlçatan alternativlərdən birinə çevrilib.
Bununla yanaşı, "Nvidia"nın istehsal gücünün böyük hissəsini yeni nəsil "Rubin" məlumat mərkəzi platformasına yönəltməyi planlaşdırması qrafik kartlarının tədarükünü daha da məhdudlaşdıra bilər. Mənbələrin məlumatına görə, şirkət ilk nümunələri 2026-cı ilin dekabrında göndərməyi, kommersiya tədarüklərinə isə 2027-ci ilin ilk rübündə başlamağı planlaşdırır.
İxrac məhdudiyyətləri Çin şirkətlərini yerli çip istehsalçılarına da yönəldir. Pekinin bu istiqamətdə dəstəyi fonunda "Huawei" bazardakı mövqeyini gücləndirir. Bununla belə, qabaqcıl çiplərin istehsalı üçün xarici avadanlıqlara çıxışla bağlı məhdudiyyətlər Çin istehsalçılarının ABŞ rəqibləri ilə rəqabətini çətinləşdirir.
Jalə


