YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Krevetka, yoxsa toyuq? - Xolesterin baxımından hansı daha faydalıdır?

Krevetka, yoxsa toyuq? - Xolesterin baxımından hansı daha faydalıdır?

Krevetka və toyuq həm asan hazırlanması, həm də zülal baxımından zəngin olması səbəbindən geniş istifadə olunan qidalardandır. Lakin xolesterin səviyyəsinə diqqət edən insanlar bu məhsullardan hansının daha sağlam olduğu ilə bağlı tərəddüd edə bilərlər.

Demokrat.az-ın "EatingWell"ə istinadən məlumatına görə, diyetoloqlar Mişel Rutenşteyn və Rene Korçak bildirirlər ki, qanda "pis" xolesterinin (LDL) səviyyəsinə yalnız qidada olan xolesterin deyil, əsasən doymuş yağların miqdarı daha ciddi təsir göstərir.

Diyetoloqların sözlərinə görə, dərisiz toyuq döşü doymuş yağ baxımından daha aşağı göstəriciyə malikdir. Toyuğun dəri ilə yeyilməsi, qızardılması, çörək qırıntılarına bulandırılması, kərə yağı və qaymaqlı souslarla hazırlanması isə doymuş yağların miqdarını əhəmiyyətli dərəcədə artıra bilər. Bu baxımdan sobada, qrildə və ya hava fritözündə hazırlanan dərisiz toyuq daha münasib seçim hesab olunur.

Krevetka isə qida xolesterini baxımından toyuqdan daha yüksək göstəriciyə malikdir. Təxminən 85 qram krevetkada 161 milliqram xolesterin olduğu halda, doymuş yağın miqdarı çox aşağıdır. Mütəxəssislər qeyd edirlər ki, əksər insanlarda krevetkadakı xolesterindən daha çox ümumi qidalanma və doymuş yağların miqdarı LDL səviyyəsinə təsir edir. krevetka həmçinin müəyyən miqdarda omeqa-3 yağ turşuları ehtiva edir.

Bununla belə, orqanizmin qida xolesterininə reaksiyası insandan insana dəyişə bilər. Xüsusilə ailəvi hiperkolesterinemiyası olan şəxslərə qidalanma planını həkimlə məsləhətləşərək müəyyənləşdirmək tövsiyə olunur.

Mütəxəssislər vurğulayırlar ki, hər iki məhsulun ürək sağlamlığına uyğun rasionda yeri ola bilər. Əgər məqsəd qida xolesterinini minimuma endirməkdirsə, dərisiz toyuq döşünə üstünlük vermək olar. Doymuş yağları azaltmaq və keyfiyyətli zülal qəbul etmək istəyənlər üçün isə adi, emal olunmamış krevetka yaxşı seçim sayılır.

Əsas məsələ məhsulun necə hazırlanmasıdır. Krevetka və toyuğu qızartmaq və qaymaqlı souslardan istifadə etmək əvəzinə sobada, qrildə və ya buxarda bişirmək, bitki yağlarından, xüsusilə zeytun yağından istifadə etmək daha məqsədəuyğundur. Yanında isə tərəvəz, paxlalılar və tam taxıllı məhsullara üstünlük vermək məsləhət görülür.

Jalə