Süni intellektin inkişafı nitq qabiliyyəti və kamera qarşısında danışıq bacarığı ilə bağlı təsəvvürləri dəyişir. Artıq səs klonlama texnologiyaları insanın öz səsinə bənzər, qüsursuz nitq yaratmağa imkan verir. Bu isə aparıcılıqdan bloqerliyə qədər bir çox sahədə insan bacarığının gələcəyini sual altına qoyur.
Demokrat.az-a bu barədə açıqlama verən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib ki, süni intellektin nitq və vizual təqdimat bacarıqlarındakı sürətli inkişafı media və rəqəmsal kontent sahəsində köklü dəyişikliklər yaradır:

"Lakin süni intellektin insanları tamamilə əvəz edib-etməyəcəyini müəyyənləşdirmək üçün texnologiyanın imkanlarını və insan psixologiyasının ehtiyaclarını müqayisə etmək lazımdır. Süni intellekt bəzi funksiyaları insanlardan daha sürətli və effektiv yerinə yetirə bilir. Belə ki, süni intellekt vasitəsilə aparıcı və ya bloqer günün istənilən saatında, studiyaya və çəkiliş komandasına ehtiyac olmadan yüksək keyfiyyətli kontent hazırlaya bilər. Səs klonlama və "deepfake" texnologiyaları sayəsində nitqdəki səhvləri düzəltmək, səs tonunu dəyişmək və vizual təqdimatı təkmilləşdirmək mümkündür. Eyni zamanda, bir süni intellekt modeli müxtəlif dillərdə və fərqli auditoriyalar üçün eyni vaxtda kontent hazırlaya bilər. Bununla belə, insan faktorunun əvəzolunmaz tərəfləri də var. Bloqerlik və aparıcılıq yalnız məlumat ötürməkdən ibarət deyil, həm də auditoriya ilə emosional bağ qurmağı tələb edir. İnsanların real həyat təcrübələri, yaşadıqları çətinliklər, sevinc və hisslərini səmimi şəkildə bölüşməsi izləyicilərdə etimad yaradır. Süni intellekt mükəmməl görünə və danışa bilsə də, insanın şəxsi təcrübəsini və səmimiyyətini tam şəkildə əvəz etməkdə çətinlik çəkir".
Mütəxəssis əlavə edib ki, digər mühüm məqam yaradıcılıq və gözlənilməz reaksiyalarla bağlıdır:
"Uğurlu bloqerlər və aparıcılar bəzən spontan zarafatları, hadisələrə anında verdikləri reaksiyalar və qarşı tərəflə təbii ünsiyyətləri sayəsində auditoriyanın rəğbətini qazanırlar. İnsanlar həmçinin izlədikləri şəxsin real həyatını, düşüncələrini və xarakterini tanımağa maraq göstərirlər. Buna görə də süni intellekt tərəfindən yaradılan kontent maraq doğursa da, onun auditoriyada eyni səviyyədə etimad və bağlılıq yaradacağına zəmanət yoxdur. Gələcəkdə insanın süni intellektlə tam əvəzlənməsindən daha çox, bu iki imkanın birgə istifadəsi ön plana çıxa bilər. Məsələn, bloqer öz mətnini hazırlayaraq səsini və görüntüsünü süni intellekt vasitəsilə müxtəlif dillərdə auditoriyaya təqdim edə bilər. Bu, həm vaxta qənaət etməyə, həm də daha geniş auditoriyaya çatmağa imkan verər. Xəbərlərin oxunması, təlim videolarının hazırlanması, texniki təlimatlar və gündəlik məlumatların təqdim edilməsi kimi sahələrdə süni intellektin imkanlarının daha geniş tətbiqi gözləniləndir. Əyləncə, şəxsi bloqlar, debatlar, dərindən təhlil tələb edən proqramlar və emosional dəyər daşıyan kontentlərdə isə insan amili əhəmiyyətini qoruyacaq.Süni intellekt insanın nitq, kamera qarşısında çıxış və montaj kimi texniki bacarıqlarını müəyyən sahələrdə əvəz edə bilər. Lakin xarakteri, şəxsi hekayəni və insanlarla qurulan səmimi münasibətləri tamamilə əvəz etməsi daha mürəkkəb məsələdir. Gələcəyin uğurlu aparıcı və bloqerləri süni intellekti rəqib kimi deyil, öz imkanlarını genişləndirən və auditoriyaya təsir gücünü artıran bir vasitə kimi istifadə edənlər olacaq".


