Diyetoloqlar təbii maya ilə hazırlanan çörəyin həzmə təsiri və sağlamlıq baxımından üstünlükləri barədə açıqlama veriblər. Mütəxəssislərin fikrincə, uzunmüddətli fermentasiya prosesi bu çörəyin bəzi insanlar tərəfindən daha asan həzm olunmasına kömək edə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "Real Simple" jurnalına danışan üç diyetoloq bildirib.
Diyetoloq və sertifikatlı fərdi məşqçi Cordan Lenqhou bildirib ki, təbii maya ilə hazırlanan çörəkdə fermentasiya zamanı maya və faydalı bakteriyalar nişasta və qlütenin bir hissəsini parçalayır. Bu proses həzmə təsir göstərir və adi çörək yedikdə qarında köp yaranan bəzi insanların həmin çörəyi daha rahat qəbul etməsinə şərait yarada bilər.
Floridalı diyetoloq Ceki Bridson da fermentasiya zamanı nişastanın strukturunda baş verən dəyişikliklərin həzm prosesinə və qanda şəkərin səviyyəsinə təsir göstərə biləcəyini qeyd edib.
Los-Ancelesdə fəaliyyət göstərən diyetoloq Meqan Xaffın sözlərinə görə, təbii maya ilə hazırlanan çörəyin bəzi növləri nisbətən aşağı qlikemik indeksə malik ola bilər. Bu isə yeməkdən sonra qan şəkərinin daha yavaş yüksəlməsinə kömək edə bilər. Belə çörək, həmçinin dəmir, selen və B qrupu vitaminləri ilə zəngin ola bilər.
Bununla belə, təbii maya ilə hazırlanan çörəyin qida dəyəri onun tərkibindən, istifadə olunan undan və hazırlanma üsulundan asılıdır. Bu çörək də qlüten ehtiva edə bilər və çölyak xəstəliyi olan insanlar üçün təhlükəsiz hesab edilmir.
Mütəxəssislər belə çörəyi yumurta, avokado və pendirlə birlikdə istehlak etməyi də tövsiyə edirlər. Onu tost şəklində hazırlamaq və müxtəlif qidalarla birləşdirmək mümkündür.
Jalə


