Havanın soyuması və elektrik enerjisinin tez-tez kəsilməsi paltarların qurudulmasını çətinləşdirir. Xüsusilə batareyaların işləmədiyi və elektrik quruducusundan istifadə imkanının olmadığı vaxtlarda yaş paltarın quruması günlərlə davam edə bilər. Lakin bunun üçün xüsusi avadanlıq mütləq deyil.
Demokrat.az xəbər verir ki, Ukraynanın UNIAN nəşri soyuq mənzildə paltarları daha tez qurutmaq üçün bir sıra praktik üsullar təqdim edib.
Əvvəlcə geyimdəki suyun mümkün qədər çox hissəsini çıxarmaq lazımdır. Paltaryuyan maşından istifadə mümkündürsə, maksimum sıxma rejimini seçmək məsləhətdir. Əl ilə yuyulan paltarları isə quru dəsmala büküb burmaq və ya üzərinə təzyiq göstərməklə artıq nəmi azaltmaq olar.
Daha sonra paltarları asqılarda və ya qurutma rəfində yerləşdirmək, əşyalar arasında kifayət qədər məsafə saxlamaq vacibdir. Qurutma rəfini həddindən artıq doldurmaq hava dövranını zəiflədir və prosesin uzanmasına səbəb olur. Çoxlu paltar varsa, onları iki rəfə bölmək daha səmərəlidir.
Paltarları yaxşı havalandırılan otaqda qurutmaq tövsiyə edilir. Hamamda ventilyasiyanı işə salmaq və ya pəncərəni açmaq mümkündürsə, bu üsul faydalı ola bilər. Yataq otağında çoxlu yaş paltar saxlamaq isə məsləhət görülmür, çünki bu, otaqdakı rütubəti artıraraq kif və göbələk yaranması riskini yüksəldə bilər.
Təcili halda paltarın müəyyən hissəsini saçqurudanla təxminən 15 santimetr məsafədən isti hava ilə qurutmaq mümkündür. Etiketdə icazə verilirsə, parçanı buxarsız ütü ilə hər iki tərəfdən ütüləmək və ya üzərinə ventilyator yönəltmək də quruma prosesini sürətləndirə bilər.
Jalə


