Fransalı ulduz futbolçusu Kilian Mbappe hələ 17 yaşında olarkən "Arsenal"a keçməyə çox yaxın olub. Həmin vaxt transfer danışıqlarında iştirak edən klubun keçmiş futbolçusu Jil Qrimandi hesab edir ki, fransalı hücumçunun gələcəkdə London təmsilçisinə qoşulması maraqlı variant olardı. Bununla belə, onun hazırda "Real Madrid"də çıxış etməsi belə bir keçidi çətinləşdirir.
Demokrat.az xəbər verir ki, Qrimandi bu barədə "GOAL" nəşrinə açıqlamasında danışıb.
"Transferin baş tutacağına inanırdım"
Qrimandinin sözlərinə görə, Mbappe "Monako"da parlamazdan əvvəl "Arsenal" onun transferini ciddi şəkildə nəzərdən keçirib. Həmin vaxt London klubunun baş məşqçisi Arsen Venger gənc futbolçu haqqında çox məlumatlı olmasa da, onun komandaya cəlb edilməsi təklif olunub.
"17 yaşında olarkən onu transfer etməyə çox yaxın idik. Evinə getmiş, özü və valideynləri ilə görüşmüşdük. Düzünü desəm, onların evindən ayrılarkən bu transferin baş tutacağını düşünürdüm. O, hələ çox gənc idi. Venger isə əsas komandada oynamadığı üçün onu tanımırdı", – Qrimandi bildirib.
Keçmiş futbolçu Mbappenin "Arsenal"la xüsusi bağlılığının olduğunu düşündüyünü deyib. Bununla belə, onun Madrid klubundan ayrılaraq İngiltərəyə gələcəyinə inanmır.
"Arsenal" Mbappe üçün uyğun seçim olardı
Qrimandi Mbappenin nə vaxtsa İngiltərə Premyer Liqasında oynamaq qərarına gələcəyi təqdirdə "Arsenal"ın onun üçün uyğun komanda ola biləcəyini söyləyib. O, London klubunun tarixi və oyun üslubu ilə fransalı hücumçu arasında müəyyən uyğunluq olduğunu vurğulayıb.
Bununla yanaşı, keçmiş futbolçu Mbappe kimi yüksək səviyyəli oyunçularla işləməyin həmişə asan olmadığını qeyd edib. Onun fikrincə, Kriştiano Ronaldo və Lionel Messi kimi ulduzlar da fərdi performanslarına böyük diqqət yetirdiklərindən komanda daxilində ümumi planların həyata keçirilməsi bəzən mürəkkəbləşir.
Qeyd edək ki, "Arsenal"ın tarixində Tyerri Anri, Patrik Vieyra, Robert Pires, Emmanuel Peti və Olivye Jiru kimi tanınmış fransalı futbolçular çıxış ediblər. Mbappe də bir vaxtlar bu siyahıya qoşulmağa yaxın olub.
Hazırda "Real Madrid"də oynayan və Fransa millisinin aparıcı simalarından sayılan hücumçunun yaxın zamanda "Arsenal"a keçəcəyi ilə bağlı konkret razılaşma barədə məlumat yoxdur. Qrimandi də belə bir transferin baş tutacağına inanmadığını, lakin Mbappenin London klubunda çıxış etməsini arzuladığını bildirib.
Jalə


