UNO-ya bənzəyən bulud ABŞ-ı qarışdırdı
ABŞ-ın paytaxtı Vaşinqton üzərində uçan boşqabı xatırladan iri buludun görüntüləri sosial şəbəkələrdə yadplanetlilərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Şahidlər buludun təxminən 20 dəqiqə ərzində eyni nöqtədə qaldığını, daha sonra isə qəfil yoxa çıxdığını bildiriblər.
Demokrat.az xəbər verir ki, mütəxəssislər qeyri-adi görünüşlü buludun təbii meteoroloji proseslər nəticəsində yarandığını düşünürlər. Onun yadplanetlilərlə və ya kosmik aparatlarla əlaqəsini təsdiqləyən hər hansı sübut yoxdur.
Mütəxəssislərin linzaşəkilli bulud adlandırdığı bu formasiya rütubətli və sabit hava axınlarının dağ və təpə kimi maneələrin üzərindən keçərkən dalğalanması nəticəsində yaranır. Hava hərəkətini davam etdirsə də, bulud göydə hərəkətsiz dayanırmış kimi görünə bilər.
Həmin gün Vaşinqton səmasında uçan boşqabı xatırladan başqa bir bulud da qeydə alınıb. Bu görüntünün isə güclü şaquli inkişaf edən fırtına və ya topa buludların yuxarıdakı rütubətli hava qatını hərəkətə gətirməsi nəticəsində yaranan bulud formasiyası ilə bağlı olduğu bildirilib.
Bununla belə, UNO tədqiqatçısı Skott Uorinq fərqli iddia irəli sürüb. O, bu cür buludların insanlara yaxınlaşmaq üçün bulud görünüşünə girən gizli kosmik gəmilər ola biləcəyini iddia edir. Uorinqin sözlərinə görə, belə vasitələr Vaşinqton kimi kəşfiyyat əməkdaşlarının çox olduğu əraziləri seçir və izlənildiklərini hiss etdikdə bulud kamuflyajından istifadə edirlər.
Tədqiqatçı avqust ayında Kanadanın Kanmor şəhəri üzərində çəkilmiş oxşar görüntünü də öz iddiasına nümunə göstərib. Lakin onun səsləndirdiyi fikirlər elmi sübutlarla təsdiqlənməyib. Mütəxəssislər isə belə görüntülərin yadplanetlilərin mövcudluğuna dəlil kimi təqdim edilməsinin əsaslı olmadığını vurğulayırlar.
Jalə


