Türkiyəli müğənni Soner Olğunun 67 yaşında mədəaltı vəzi xərçəngindən vəfat etməsindən sonra ailəsində vida mərasimi ilə bağlı mübahisə yaranıb. Sənətçinin keçmiş həyat yoldaşı Özlem Koldaş böyük qızı Ayşecan Olğunu kiçik bacısı Elifi atasının vəfatı ilə bağlı təşkil olunan yas mərasimindən xəbərsiz saxlamaqda ittiham edib.
Demokrat.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Uzun müddət xəstəliklə mübarizə aparan sənətçi ailəsinin, yaxınlarının və sənət dünyasından tanınmış şəxslərin iştirakı ilə son mənzilə yola salınıb. Onun xəstəlik dövründə yanında olan keçmiş həyat yoldaşı Özlem Koldaş isə vəfatından sonra yaşandığını iddia etdiyi mübahisə ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.
Koldaşın sözlərinə görə, qızı Elif atası üçün yas mərasimi təşkil etmək istəyib və bu barədə Ayşecan Olğunu da məlumatlandırıb. Lakin böyük qızın buna ehtiyac olmadığını bildirdiyi, daha sonra isə onlardan xəbərsiz ayrıca yas mərasimi təşkil etdiyi iddia olunur.
Özlem Koldaş onu ən çox incidən məqamın özünün mərasimə dəvət edilməməsi deyil, qızı Elifin atasının yasından xəbərsiz saxlanılması olduğunu vurğulayıb.
"Məni dəvət etməyə bilərdi, buna görə inciməzdim. Amma onun bir bacısı var – Elif. Eyni atanın övladı olan Elifin öz atası üçün təşkil edilən yas mərasimindən xəbərsiz saxlanılmasını nə vicdanıma, nə də qəlbimə sığışdıra bilirəm", deyə o bildirib.
Koldaş qeyd edib ki, heç kimi kənarlaşdırmayıb və yaşanan acının hamı üçün ortaq olduğunu düşünüb. Onun sözlərinə görə, incikliyi özünə görə deyil, qızına qarşı göstərildiyini hesab etdiyi münasibətlə bağlıdır.
"Bunu ömrüm boyu bağışlaya biləcəyimi düşünmürəm. Mən inancı olan insanam və heç kimin haqqının yerdə qalmayacağına inanıram. Hər kəs öz vicdanı ilə baş-başa qalacaq", deyə sənətçinin keçmiş həyat yoldaşı sərt reaksiya verib.
Məlumata görə, Ayşecan Olğun hələlik Özlem Koldaşın ittihamlarına münasibət bildirməyib.
Jalə


