Salyan rayonunda 27 yaşlı oğlan borc üstündə yaranan mübahisə zamanı tanışına ağır xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Salyan şəhəri, Y. Qasımov küçəsində baş verib.
1999-cu il təvəllüdlü Rəfael həmin küçədə yerləşən yaşayış binasının qarşısındakı köməkçi tikilidə tanışı Mahirlə şəxsi münasibətlər zəminində, yəni zərərçəkmiş şəxsin ondan 1500 manat borcunu geri qaytarmasını tələb etməsi və ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əvvəlcədən özü ilə gətirdiyi bıçaqla ona zərbə yetirib.
Rəfael barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Rəfael ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Mahir onun tanışıdır, aralarında heç bir qohumluq əlaqəsi, eləcə də əvvəllər şəxsi ədavət və ya düşmənçilik münasibətləri olmayıb. Onun sözlərinə görə, Mahirlə aralarında borc pul məsələsi olub, buna görə də narazılıq yaranıb:
"Dəqiq xatırlamasam da, yadımda elə qalıb ki, 2025-ci ildə Mahirdən 3000 manat borc pul aldım. Mən kondisioner quraşdırılması işi ilə məşğulam və mənə alətlər almaq üçün pul lazım oldu. Mahirdən borc pul götürərək müəyyən alətlər aldım. 2026-cı ilin yanvar ayının əvvəllərində, təxminən 3-6 yanvar tarixlərində 1200 manat qaytardım. Bundan təxminən bir ay sonra, yəni fevral ayının əvvəllərində Mahir zəng edərək pula ehtiyacı olduğunu və borcun bir hissəsini qaytarmağımı istədi. Bu zəngdən sonra dəqiq xatırlamıram, ya həmin gün, ya da növbəti gün 800 manat, daha sonra mart ayının əvvəllərində 600 manat pul göndərdim. Bir dəfə də Mahir zəng edərək yolda qaldığını, pula ehtiyacı olduğunu bildirdi. Mən isə Mahirə 100 manat göndərdim. Beləliklə, Mahirdən aldığım 3000 manat borcun 2700 manatını ona qaytardım".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2026-cı ilin mart ayında Mahir zəng edərək onu çağırıb, onlar maşında əyləşərək söhbət ediblər:
"Söhbət zamanı Mahir borclu qaldığım 1500 manat pulu verməyimi istədi. Mən isə Mahirə borcun 1500 manat deyil, 300 manat qaldığını bildirdim. Bundan sonra aramızda mübahisə başladı".
Təqsirləndirilən şəxs bildirib ki, Mahirlə ilk dəfə söhbət edən zaman o, əlini belinə atıb və bu hərəkətin bıçağa görə olduğunu zənn edib:
"Həmin vaxt Mahirin belində bıçağı görməsəm də, hesab etdim ki, Mahir bıçağa görə əlini belinə atdı. Dedi ki, pulu səhər qaytarmasan, sənin üçün pis olar. Sonra aralanaraq oradan getdik. Daha sonra Mahir "WhatsApp" proqramı vasitəsilə səsli mesajlar atdı, mənə qarşı söyüş ifadələri işlədərək 1500 manatı ona qaytarmağımı bildirdi. Mahir mənə təzyiq göstərdi və hədə-qorxu gəldi. Mahir mənə səsli mesaj göndərərək "səni vuracam", "boynuvu üzəcəyəm", "heç bilmərsən hansı bucaqdan çıxaram" məzmunlu ifadələr işlətdi. Mən nə edəcəyimi bilmədim. Mahirin mənə atdığı səsli mesajları bir neçə ortaq tanışımıza da dinlətdim. Mahir mənə zəng etdi, mesajlar yazdı. Mən isə qorxub-çəkindiyim üçün zəngləri açmamışam və mesajlara cavab verməmişəm. Mahirdən ehtiyat etdiyim üçün Bakı şəhərinə getmək və bir müddət orada qalmaq qərarına gəldim. Bir neçə gün Bakı şəhərində qaldıqdan sonra Novruz bayramı ilə bağlı Salyan rayonuna qayıtdım. Yenə də Mahir "WhatsApp" proqramı vasitəsilə səsli mesaj göndərdi, əvvəlcə mehribanlıq nümayiş etdirdi, əziz bayram günləri olduğunu, görüşərək məsələləri qaydasına qoymağı dedi. Lakin sonra yenidən söyüşlə danışdı, görüşə gəlməsəm, pis olacağını bildirdi".
Rəfaelin ifadəsinə görə, həmin gün özü ilə bıçaq götürüb Mahirlə görüşmək üçün evdən çıxıb. Bıçağı götürməkdə məqsədi özünü qorumaq olub:
"Mahir ard-arda səsli mesajlar göndərərək qaraja gəlməyimi və söhbət etməyi tələb etdi. Mən qaraja getdim, içəri girdikdən sonra Mahir qapını bağladı. Qarajda söhbət zamanı Mahir yenidən məni təhqir etdi, rəfin üstündəki mətbəx bıçağına əl ataraq boğazımı üzməklə hədələdi. Mən öz bıçağımı çıxardıqda Mahir bıçağı yerinə qoydu. Lakin bıçağımı cibimə qoyduqdan sonra yenidən məni təhqir edərək boğazımdan tutdu. Boğazımdan tutmasına cavab olaraq ona yumruq zərbələri vurdum. Mahir yenidən mətbəx bıçağına tərəf əl uzatdıqda isə cibimdəki bıçaqla ona tərəf üç dəfə zərbə endirdim. Bıçaq Mahirə daxil olduqdan sonra hərəkətimi dayandırdım və qarajdan çıxdım. Bir qədər sonra yenidən hirslə geri qayıdaraq bıçağı Mahirin boğazına qoyub ona "qələt eləmişəm" dedirtmək istəsəm də, dərhal fikrimi dəyişərək oradan uzaqlaşdım. Hadisədən sonra yenidən Bakıya getdim. Lakin polis əməkdaşı olan qonşumuz zəng etdikdən sonra çarəsiz qalaraq rayona qayıtdım və təslim oldum".
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəfael 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli


