Bakının Sabunçu rayonunda 44 yaşlı kişi dostuna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Gədəbəy rayon sakini, 1982-ci il təvəllüdlü Nahid 2025-ci ilin avqust ayında tanışının evində dostu Vahidin (adlar şərtidir – red.) apardığı təmir işlərində nöqsanlara yol verdiyinə görə həmin evdə təmir işlərini təkrar aparıb. Lakin Vahid sonuncu təmir işlərinə görə ev sahibindən pulunu ala bilməyib.
İstintaq sənədlərinə görə, Vahid pulunu Nahiddən tələb etmək məqsədilə hadisə günü, saat 23 radələrində onun yaşadığı Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 9-cu Mədən yaşayış sahəsində nömrəsiz ünvanda yerləşən fərdi evinə gəlib.
Aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı Nahid Vahidin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə, həmçinin stəkanla qəsdən zərbələr endirərək ona xəsarətlər yetirib.
Faktla bağlı Nahidə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Nahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını bildirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.
Fariz Məlikli


