Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşir. Elektrik sobalarını işlətmək üçün bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, şəhər və kənd yerlərində elektrik sobalarının quraşdırılmasının təşviqi planlaşdırılır. Bütün binalarda 2060-cı ilədək elektrik sobalarının payını 100%-ə çatdırılması, bütün yeni binalarda elektrik sobalarının olması tələbləri də nəzərdə tutulur.
Qazdan elektrikləşdirməyə keçid kommunal xərclərimizə necə təsir edəcək?
İqtisadçı Emin Qəribli Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələyə bir neçə aspektdən yanaşmaq olar:

"Birincisi, daha bahalı enerji resurslarına qənaət edərək onları dünya bazarlarına ixrac edə, daha çox gəlir əldə edə və ya sənayenin digər zəruri sahələrinə yönəldə bilərik. Bildiyimiz kimi, hazırda elektrik enerjisinin bir hissəsi təbii qazdan əldə olunur. Qənaət edilən qazın ixraca yönəldilməsi ölkə üçün əlavə gəlir mənbəyi yarada bilər. İkinci aspekt əhali üçün faydaları ilə bağlıdır. Büdcədə qənaət olunan vəsaitlər gələcəkdə sosialyönümlü xərclərə yönəldilə bilər ki, bu da əhalinin sosial vəziyyətinə müsbət təsir göstərər. Eyni zamanda, daha ucuz və ətraf mühiti daha az çirkləndirən enerji mənbələrindən istifadə əhalinin xərclərinin azalmasına da kömək edə bilər".
İqtisadçı söyləyib ki, digər mühüm məqam dünyada gedən proseslər və qlobal trendlərlə bağlıdır:
"Daha dayanıqlı alternativ enerji mənbələrindən istifadə artıq dövrün tələbidir. Azərbaycanın kifayət qədər maliyyə resurslarına malik olduğunu nəzərə alsaq, bu sahəyə yatırılan investisiyalar özünü doğrulda bilər. Eyni zamanda, alternativ enerjiyə keçid ölkəmizdə investisiya mühitinin yaxşılaşmasına da töhfə verə bilər.
Ümumilikdə, enerjinin daha qənaətcil və ətraf mühiti daha az çirkləndirən mənbələrlə əvəzlənməsi məqsədəuyğundur. Gələcəyin enerji siyasəti də bu istiqamətdə formalaşır. Hesab edirəm ki, bu keçidi nə qədər tez həyata keçirsək, bir o qədər düzgün addım atmış olarıq".


