YapiKredi Müraciət Forması
Qarabağ

Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir

Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir

44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin tariximizə yazdığı şəhər günlərini qeyd etməkdən böyük qürur hissi keçiririk. Çünki bu günlər şanlı Qələbəmizin, birliyimizin, həmrəyliyimizin, Böyük Qayıdışın təntənəsidir. İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən "Dəmir yumruq" bu gün birliyimizin fonunda işğaldan azad edilmiş ərazilərimizin bərpasında, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışında özünün aydın ifadəsini tapır. Vətən müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il tarixindən Zəfər Gününə - 8 noyabrda Qarabağın tacı Şuşanın işğaldan azad edilməsinə qədərki dövrün hər günü qürurverici məqamlarla zəngindir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamı Zəfərimizin əbədiləşdirilməsi ilə yanaşı, bu torpaqlarda görülən işlərin hesabatı kimi də dəyərləndirilir. Həmin Sərəncama əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günüdür.

Keçmiş işğal nəticəsində rayonun 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Şəhər günləri hər zaman tarixin vərəqlənməsini, torpaqlarımızın işğal günlərini unutmamağı bir tələb kimi qarşıya qoyur. 30 ilə yaxın müddətdə xalqımız işğal günlərini dərin kədər, torpaq həsrəti və böyük bir nisgillə yad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz xalqımızın torpaq həsrətinə son qoydu, ardıcıl şəkildə zəfər günlərinin qeyd edilməsinin sevincini yaşatdı. 25 oktyabr 2020-ci il tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşirdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər azad edilməli idi. Düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu məhz bu hərbi keyfiyyətləri nümayiş etdirdi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək digər ərazilərimizlə yanaşı Qubadlı şəhəri və rayonun 41 kəndi də işğaldan azad edildi. Dövlət başçısı İlham Əliyev Qubadlıya 2020-ci ilin 23 dekabr tarixində ilk səfəri zamanı rayonda Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında " Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi" söyləyərək onu da əlavə etmişdir ki, Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir və qısa müddət ərzində lazım olan bütün bərpa işləri də nəzərdə tutulur: "Bütün şəhər və qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz. Müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır".

Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 15209 hərbi qulluqçusu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Vüqar Rəhimzadə vurğulayıb ki, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Qubadlının da yeni inkişaf tarixi başlandı. Nazirlər Kabineti 2025-ci ildə "Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nı təsdiq etdi. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. Yaxın gələcəkdə 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. 2021-ci il oktyabrın 25-də "Qubadlı" yarımstansiyasının açılışı oldu. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyasından "Cəbrayıl" yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli "Qubadlı-1", "Qubadlı-2" elektrik verilişi xətti çəkildi.

Azadlığına qovuşmasından ötən 6 ildə Prezident İlham Əliyevin Qubadlı rayonuna 4 səfəri olub. Qeyd etdiyimiz kimi, ilk səfər bu torpaqda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Növbəti səfərlər çərçivəsində Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı oldu. "Zabuxçay" və "Bərgüşadçay" su anbarlarının layihələri ilə tanışlıq, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagirdin təhsil alacağı tam orta məktəb binasının, 91 yataqlıq Mərkəzi Xəstəxana binasının, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirildi.

Milli Məclisin deputatı bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində əsas diqqət göstərilən məsələlərdən biri infrastruktur layihələrinin uğurlu icrasıdır. Yol infrastrukturunun yenilənməsi əsas prioritetlər sırasındadır. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir. 2023-cü il sentyabr ayının 5-də Prezident İlham Əliyev "Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzaladı.

Vüqar Rəhimzadə qeyd edib ki, azad Qarabağda və azad Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri soydaşlarımızın bu torpaqlara mərhələli şəkildə qayıdışı ilə müşayiət olunur. Qısa müddətdə ölçüyəgəlməz bərpa-quruculuq işləri, 100 minə yaxın insanın artıq bu torpaqlarda yaşaması həm Azərbaycan xalqının qurucu xalq olduğunun, həm də iqtisadi və maliyyə imkanlarımızın təqdimatıdır. Artıq bu ilin sonunda Böyük Qayıdış Proqramının birinci mərhələsi başa çatacaq. Tezliklə sakinlərinə qovuşan şəhərlərimiz sırasında Qubadlının da adını görəcəyik. Qubadlı şəhərində bu ildən ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Şəhərdə artıq ikinci yaşayış kompleksinin də layihələndirilməsi yekunlaşmaq üzrədir. Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması sürətlə aparılır. Azad edilmiş ərazilərimizdə görülən işlərin fonunda qeyd edə bilərik ki, Şəhər günləri sakinlərinə qovuşan tarixi torpaqlarımızda yenidən başlayan həyatın simvoludur.

NE
Nihadə Eyyubova