
İtaliyanın kütləvi informasiya vasitələri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri və iştirak etdiyi tədbirləri geniş işıqlandırıb.
Demokrat.az AZƏRTAC-a istinadla xəbər verir ki, "Askanews" və "Italpress" xəbər agentlikləri, eləcə də "Agenparl" və "Notizie Tiscali" portallarının yaydığı materiallarda Birinci vitse-prezident Mehriban Əliyevanın səfərinin gərgin gündəmdə və çoxsaylı yüksəksəviyyəli görüşlərdə öz əksini tapdığı, Azərbaycan ilə Vatikan arasında mükəmməl ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və getdikcə fəallaşan mədəni, elmi və diplomatik əməkdaşlıq çərçivəsində baş tutduğu bildirilir.
Diqqətə çatdırılır ki, Azərbaycanın Birinci vitse-prezidenti və ailə üzvləri səfər çərçivəsində oktyabrın 16-da Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilya katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar. Yazılarda Heydər Əliyev Fondunun və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilya katakombalarının bərpası ilə bağlı müqavilənin 2021-ci il martın 4-də imzalandığı xatırladılır. Bu layihənin Vatikan ilə Azərbaycan arasında çoxillik əməkdaşlığın yeni mərhələsi olduğu vurğulanır.
Bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva həmin gün Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb, bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub. Azərbaycanın Birinci vitse-prezidenti, həmçinin Avropanın ən böyük pediatrik "Bambino Gesu" xəstəxanasında gedib, burada molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olub.
Materiallarda bu il sentyabrın 10-da Heydər Əliyev Fondu, Azərbaycanın Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın "Bambino Gesu" pediatrik xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalandığı xatırladılıb. Bildirilib ki, bu əməkdaşlıq nadir xəstəliklər, molekulyar genetika, klinik diaqnostika və digər müvafiq sahələrin Azərbaycanda inkişafına mühüm töhfə verəcək. Azərbaycanlı alim və tədqiqatçılara qabaqcıl elmi yanaşmalara yiyələnmək və müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalarda araşdırmalar aparmaq imkanı yaradacaq.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşdüyü bildirilir. Qeyd olunur ki, görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.
Yazılarda qeyd olunub ki, Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb, irəli sürdüyü təşəbbüslərə görə Birinci vitse-prezidentə və ölkəmizdə ikinci Katolik Kilsəsinin tikintisinə ayrılmış torpaq sahəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərini Azərbaycana səfərə dəvət edib.
Azərbaycanın Birinci vitse-prezidentinin həmin gün, həmçinin Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüşdüyü, müzakirələr zamanı hər iki tərəfin qarşılıqlı münasibətlərin müsbət inkişafından məmnunluq ifadə etdiyi bildirilib.
Pietro Parolin Bakıda ikinci Katolik Kilsəsinin tikintisini təqdirəlayiq hal kimi qiymətləndirib, bunun Azərbaycanda bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürü olduğunu deyib. Vatikanın dövlət katibi Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini bildirib.
Məqalələrdə, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşdüyü və birlikdə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak etdikləri, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olduğu, Vatikan Apostol Kitabxanası və Apostol Arxivinə baş çəkdiyi, Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə birgə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışında iştirak etdiyi diqqətə çatdırılır.