Azərbaycanda vəzifəli şəxsin ailəsində baş verən qətllə bağlı məhkəmə başlayır

KRİMİNAL 22 may 2021, 11:00
Bakının Xəzər rayonunda vəzifəli şəxsin övladı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Hüseyn Hüseynlinin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranan münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmmədəli Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Məhəmmədəli Babayevin barəsində Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, bu ilin yanvarın da da Məhəmmədəli Babayevin barəsində olan cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilmişdi. Həmin dövrdə cinayət işini araşdıran hakim Zaur Tağıyevin işin yenidən ibtidai istintaqda araşdırılması barədə qərar qəbul etmişdi.

Xatırladaq ki, qətl hadisəsini törədən Məhəmmədəli  Babayev və qətlə yetirilən Aydan Babayeva Xəzər rayon İcra hakimiyyətinin Türkən qəsəbəsi üzrə icra nümayəndəsi Rahil Babayevin övladlarıdır.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top