Bakıda fəhlənin binadan yıxılmasına görə cinayət işi başlanıldı

KRİMİNAL 22 fev 2021, 21:17
Fevralın 22-də saat 17 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov Rayon Prokurorluğundan Demokrat.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonu ərazisində “Təbriz” MTK tərəfindən inşa edilməkdə olan hündürmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar aparılan işlər zamanı fəhlə işləyən 1956-cı il təvəllüdlü Şahverdi Nurullayev həmin binanın 7-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top