“Birinci vitse-prezidentin Vatikana səfəri Azərbaycanın beynəlxalq imicini möhkəmləndirdi”

SİYASƏT 24 oktyabr 2025, 17:53
Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından mühüm hadisə kimi dəyərləndirilə bilər. Bu səfər təkcə diplomatik münasibətlərin inkişafı deyil, həm də ölkəmizin humanist və tolerant dəyərlərə sadiqliyinin nümayişidir”. 

Bunu siyası şərhçi Kənan Məmmədli Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, Azərbaycan multikulturalizm və dinlərarası dialoqu dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim edir:

“Bu istiqamətdə atılan addımlar beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Vatikana səfər bu siyasətin ardıcıl davamı olmaqla, xristian dünyası ilə qarşılıqlı hörmət və anlaşma mühitinin daha da dərinləşməsinə xidmət edir. Mehriban Əliyevanın humanitar fəaliyyətləri, xüsusilə də mədəni irsin qorunması və xalqlar arasında mədəni körpülərin qurulması istiqamətində gördüyü işlər, bu səfərin mahiyyətinə əlavə dəyər qatır. Bu addım Azərbaycanın dinlər və mədəniyyətlər arasında sülh və əməkdaşlıq çağırışının praktik nümunəsidir”.

Siyasi şərhçi əlavə edib ki, səfər Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanın təşəbbüskar və konstruktiv tərəf kimi rolunu daha da gücləndirir:

“Bu, həm də ölkəmizin dünyada dialoq və qarşılıqlı anlaşma məkanı kimi qəbul olunmasına şərait yaradır. Vatikanda aparılan yüksək səviyyəli görüşlər qarşılıqlı hörmətə əsaslanan diplomatik ənənələrin inkişafını təmin edir. Bu səfər Azərbaycanın humanist, tolerant və sülhsevər obrazını beynəlxalq miqyasda daha da möhkəmləndirir və dövlətimizin yumşaq güc siyasətinə ciddi töhfə verir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2025, 19:09
24 oktyabr 2025, 17:48
Top