Azərbaycan-Qazaxıstan münasibətləri ortaq tarixi və mədəni köklər üzərində qurulub — ŞƏRH

SİYASƏT 24 oktyabr 2025, 12:02
Prezident İlham Əliyevin bir neçə gün əvvəl Qazaxıstana dövlət səfəri iki ölkə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Son illər dövlət başçılarının müntəzəm şəkildə həyata keçirdikləri rəsmi və işgüzar səfərlər ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına əlverişli şərait yaradıb. Siyasi əlaqələrin getdikcə daha da möhkəmləndirilməsinin əsasını iqtisadi münasibətlərin inkişafı təşkil edir. Azərbaycan və Qazaxıstan yerləşdikləri əlverişli coğrafi mövqedən səmərəli istifadə edərək Orta Dəhlizi inkişaf etdirməklə Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır. Bu, yükdaşımaların həcmini artırmaqla yanaşı, tranzit potensialını da əhəmiyyətli dərəcədə genişləndirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bilidirib.

Hüquq müdafəçisi 2025-ci il oktyabrın 21-də Astanada Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat və Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışına münasibət bildirərkən deyib ki, bu gün Qazaxıstan etibarlı tərəfdaşdır. Eyni zamanda, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur. Bunu dövlətimizin başçısı da mətbuata verdiyi bəyanatda təsdiqləyib. Xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə həmişə qardaş dəstəyini hiss etmişik və görmüşük. İşğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə ölkəmizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib.

Ç.Qənizadə dövlətimizin başçısının səsləndirdiyi fikirlərə istinadən bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasında Qazaxıstan daim öz dəstəyini nümayiş etdirib. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və onun bu prosesə fəal köməyi ilə sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib. Bu, Qazaxıstanın Azərbaycana qardaş münasibətinin bariz nümunəsidir.

Dövlətlərarası münasibətlərdən söhbət açan hüquqşünas Azərbaycanla Qazaxıstanı çoxəsrlik dostluq, qardaşlıq əlaqələrinin birləşdirdiyni vurğulayıb. Son üç ildə ondan çox qarşılıqlı səfər iki ölkə arasında münasibətlərin möhkəm bünövrə üzərində qurulmasından xəbər verir. Hər bir görüş, hər bir müzakirə öz bəhrəsini verib. Çünki nəzərdə tutulanların hamısı yerinə yetirilir.

Hüquq müdafiəçisi Azərbaycan və Qazaxıstanın beynəlxalq aləmdə hər zaman bir-birilərinə dəstək verdiyni qeyd edib: “Ölkələrimiz ənənəvi olaraq bir-birini, - istər BMT, istərsə də digər təşkilatlar olsun, - beynəlxalq təşkilatlar çərçivəsində daim dəstəkləyir. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət iki ölkə arasındakı yaxınlığı bir daha təsdiqləyir. Qarabağın dirçəlişində də Qazaxıstanın dəstəyi özünü aşıq şəkildə büruzə verir. Azərbaycanın bütün vətəndaşları, o cümlədən azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Prezident İlham Əliyevin Füzulidə açılışını etdikləri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir”.

Ç.Qənizadə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin xüsusi əhəmiyyət kəsb etdiyini, böyük potensiala malik olduğunu diqqətə çatdırdığını bildirib və deyib ki, Zəngəzur dəhlizinin açılışının 2028-ci ilin sonuna qədər baş verə bilər.

“Azərbaycan və Qazaxıstan arasında siyasi dialoq və strateji tərəfdaşlıq 2025-ci ildə yeni keyfiyyət mərhələsinə yüksəlib. Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə və 170-dən çox sənəd iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza formalaşdırılmasından xəbər verir” - deyə Ç.Qənizadə bildirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top