Ərini öldürən qadına haqq qazandıranlar cinayəti dəstəkləyir?

KRİMİNAL 24 oktyabr 2025, 18:34
"Feminizm anlayışı cəmiyyətdə düzgün başa düşülmür. İnsanlar bəzən feminizmi yalnız qadınların hüquqları kimi qəbul edir və bunun nəticəsində kişilərə qarşı bir növ aqressiya formalaşır. Əslində isə feminizm insan hüquqlarını, bərabərliyi və şiddətin qarşısının alınmasını nəzərdə tutur".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib. 

"Bizə xoş olmayan və ya uyğun gəlməyən vəziyyətlərdən müdafiə olunmaq mümkündür. Lakin bir qadının müəyyən bir situasiyada necə reaksiya verdiyini və nə üçün bu həddə çatdığını tam bilmirik. Cəmiyyətdə isə qadınlar zərif hesab olunduğu üçün tez-tez belə halların başqa çıxış yolu olmadığı düşünülür. Amma heç bir halda şiddətin qarşılığı şiddət ola bilməz. Hər bir hadisə, xüsusilə ölüm faktı, cəmiyyət üçün ciddi və xoşagəlməzdir və bunu ictimailəşdirmək həmişə doğru deyil. Başqa çıxış yolları, məsələn, boşanma və ya məhkəməyə müraciət kimi yollar mövcuddur".

O bildirib ki, bununla belə, prosesdə nələrin baş verdiyini və xanımın yaşadığı çətinlikləri tam olaraq bilmirik:

"Amma bir insan həyatını itiribdirsə, bunu yaxşı bir hadisə kimi qiymətləndirmək mümkün deyil. Cəmiyyətdə bəzən kişi tərəfindən törədilmiş ölüm normal qəbul edilir, amma qadın tərəfindən törədilən ölüm normal hesab olunmur. Halbuki burada qadının psixoloji vəziyyəti, yaşadığı təzyiqlər və şəxsi motivləri də rol oynamış ola bilər.

Hadisələrin tam məlum olmadan insanlar tərəfindən mühakimə olunması psixoloji baxımdan düzgün deyil. Ən önəmlisi isə insan hüquqlarının qorunmasıdır. Heç bir səbəb qarşı tərəfi qətil qərarlarla mühakimə etməyə əsas vermir".

Psixoloq deyib ki, xanım affekt vəziyyətində olmuş və uzun müddət gizlədilmiş problemlərin təsiri altında qərar vermiş ola bilər:

"Hadisənin ictimailəşdirilməsi, xüsusilə də ölüm faktının qabardılması, cəmiyyətdə mənfi reaksiya yaradır. Bu tip hallar cəmiyyətin nə qədər tükəndiyini göstərir.

Ona görə də insanlar ailə qurmazdan əvvəl psixoloji analizlərdən keçməli, problemləri düzgün qiymətləndirməli və mümkün qədər belə faciəvi halların qarşısını almalıdırlar. Nəticədə, xanım öz həyatını müəyyən dərəcədə itirmiş və məhbus həyatına girmiş oldu".


Qeyd edək ki, 9 aydır itkin düşən kişinin həyat yoldaşı tərəfindən öldürüldüyü məlum olub. Sosial şəbəkələrdə insanların əksəriyyəti cinayətkara sadəcə qadın olduğu üçün haqq qazandırıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2025, 19:09
24 oktyabr 2025, 17:48
Top