Taksi sürücülərindən şikayətlər artır — "Bolt"dan narazılıqlarla bağlı AÇIQLAMA

GÜNDƏM 24 oktyabr 2025, 18:48
Son günlər taksi sifariş platformalarından - "Uber" və "Bolt" şirkətlərindən istifadə edən vətəndaşlar arasında narazılıqlar artır.

Demokra.az-a daxil olan məlumatlara görə, həm sürücülərin, həm də şirkətlərin davranışı müştərilər arasında ciddi narazılıq doğurur.

Müştərilər bildirirlər ki, son 2-3 gündə "Uber" və "Bolt" vasitəsilə etdikləri sifarişlərdə xoşagəlməz hallarla qarşılaşırlar. Belə ki, sürücülər ünvanlara yaxınlaşdıqda zəng edərək ödənişin kartla, yoxsa nağd şəkildə olacağını soruşurlar. Müştəri ödənişin kartla olacağını bildirdikdə isə sürücülər ya sifarişi ləğv etməyi tələb edir, ya da “nağd versəniz, gələrəm” deyərək sistemdənkənar ödəniş təklif edirlər.

Sifariş ləğv edildikdə isə müştərinin kartından əlavə məbləğ tutulur. Bəzi hallarda isə sürücülər ünvana çatmamış “çatdı” düyməsini aktivləşdirərək əlavə gedişhaqqı yazılmasına səbəb olurlar. Şikayət edən sərnişinlər bildirirlər ki, şirkətə müraciət etdikdə “proqramda şikayət bölməsinə yazın” cavabı alırlar və məsələ ilə bağlı real tədbir görülmür.

Sərnişinlərin sözlərinə görə, bəzi sürücülər etik davranış qaydalarını pozur, sərnişinlərə şəxsi suallar verir, xüsusilə qadın sərnişinlərə hörmətsiz münasibət sərgiləyirlər. Vətəndaşlar aidiyyəti qurumlardan bu kimi halların qarşısının alınması və taksi şirkətlərinin məsuliyyətə cəlb olunmasını tələb edirlər.

"Bolt" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Nigar Kazımzadə Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, "Bolt" şirkətinin əsas məqsədi müştərilər və tərəfdaşlar üçün rahat, təhlükəsiz və keyfiyyətli xidmət təmin etməkdir:

"Əgər sürücü tərəfindən kartla ödənişlə bağlı narazılıq yaranarsa, səfər qəbul olunub başladığı halda sərnişin götürülməzsə və ya hər hansı qeyri-etik və qaydalara zidd davranış müşahidə olunarsa, bu barədə mütləq tətbiq vasitəsilə şikayət bildirilməlidir.

"Bolt"un dəstək xidməti daxil olan bütün şikayətləri araşdırır. Əgər sərnişinin şikayəti təsdiqlənərsə, məsələ ilə bağlı sürücü ilə kommunikasiya aparılır.

Belə hallar sürücünün reytinqinə təsir edir və təkrarlandığı halda sürücünün hesabı deaktiv edilə bilər. Bu isə, Bolt tətbiqi vasitəsilə sürücülük xidmətinin göstərilməsinin mümkünsüz olması ilə nəticələnir".

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2025, 19:09
Top