“İstilik sayğacları quraşdırılır — Nə vaxt?

GÜNDƏM 24 oktyabr 2025, 10:14
Azərbaycanda əhaliyə verilən istilik enerjisinin sayğacla veriləcəyi barədə xəbərlər yayılıb. "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev bu barədə yerli mətbuata müsahibəsində bildirib. 

Onun sözlərinə görə, bu həm şəffaflıq, həm də xərclərin optimallaşdırılması baxımından vacibdir: "Biz son iki ildə bu mövzunu aktiv şəkildə gündəmə gətirmişik. Əvvəllər bu məsələ ümumiyyətlə müzakirə olunmurdu. Ola bilsin ki, bəzi hallarda biz çox enerji veririk, amma onun dəyərini tam şəkildə ala bilmirik".

Modern.az sayğacların bu ildən quraşdırılıb-quraşdırılmayacağını dəqiqləşdirmək üçün  “Azəristiliktəchizat” ASC ilə əlaqə saxlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Basqallı bildirib ki, qaydaların tələblərinə əsasən, gələcəkdə həm əhali, həm də qeyri-əhali istehlakçı qruplarının istilik sayğacları ilə təmin edilməsi nəzərdə tutulur. İlkin mərhələdə, əhali istehlakçı qrupu üçün 60 ədəd istilik sayğacı gətirilərək pilot layihə çərçivəsində bu il quraşdırılıb. Lakin bu sayğaclar mənzillərə deyil, bütün binalar üzrə ümumi şəkildə quraşdırılıb.

Onun sözlərinə görə, bu il ödənişlər istilik sayğacları vasitəsilə həyata keçirilməyəcək: 

“Sayğacların mənzillərdə quraşdırılmamasının əsas səbəbi isə, qaz, su və elektrik sayğaclarından fərqli olaraq, istilik sisteminin quraşdırılmasının texniki və inzibati baxımdan daha mürəkkəb olmasıdır. Belə ki, istilik bir mərkəzi xətt vasitəsilə deyil, hər otağa ayrıca daxil olur. Bu isə o deməkdir ki, bir neçə otaqlı mənzildə bir neçə sayğac quraşdırılmalı və onlara nəzarət üçün mənzilə tez-tez daxil olmaq tələb olunur”.

Əlavə olaraq bildirilib ki, məhz bu səbəbdən, ilkin mərhələdə istilik sayğaclarının quraşdırılması pilot layihə çərçivəsində yalnız binalar üzrə həyata keçirilib və ödənişlər hələlik mövcud qaydalar əsasında (əvvəlki qaydada) aparılacaq:

“Gələcək mərhələlərdə qeyri-əhali qrupu üçün sayğacların müəssisələr tərəfindən, əhali istehlakçı qrupu üçün isə “Azəristiliktəchizat” ASC və dövlət vəsaiti hesabına quraşdırılması planlaşdırılır”,- məlumatda deyilir.

Elvin Basqallı qeyd edib ki, 5 sentyabr 2023-cü il tarixində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 303 saylı “İstilik enerjisindən istifadə Qaydaları”na əsasən, hər il respublika ərazisində istilik mövsümü payız-qış aylarında noyabrın 15-dən etibarən başlayır və növbəti ilin aprelin 15-də başa çatır. Ölkənin 14 dağlıq və dağətəyi rayonunda isə istilik mövsümü noyabrın 1-dən başlayaraq, növbəti ilin mayın 1-də yekunlaşır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top