Gəncədə oğlunu işə düzəltmək istəyən qadın dələduzluqla üzləşdi — TƏFƏRRÜAT

KRİMİNAL 03 dekabr 2024, 13:31
Gəncə şəhərində 1966-cı il təvəllüdlü Vüqar işə düzəltmək adı ilə Şəlalə adlı şəxsə qarşı dələduzluq edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüqar tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Şəlalənin etibarından sui-istifadə edərək sonuncunun oğlunu 7000 manat müqabilində Gəncə Asan Xidmət mərkəzində işə düzəltməyə köməklik etməyi vəd edib. 

Bundan sonra üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bu barədə bilə-bilə yalan vədlər verməklə onu inandırıb. O, Şəlaləni aldadaraq 2023-cü ilin mart ayının sonlarında Gəncə şəhəri Nizami prospektində yerləşən mağazanın qarşısında 2000 manat, Gəncə şəhəri Heydər Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində 5000 manat alıb. 

Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Şəlaləyə ziyan vurub, hazırda onunla barışıb: “Ona dəymiş zərəri tam olaraq ödəmişəm. Sonda əməlimdən peşman olmuşam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən zərərçəkmiş Şəlalənin sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir fərdi əməklə məşğul olur: “2023-cü ildə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Gəncə şəhər 1-ci Polis Şöbəsinə müraciət etmişəm. Qeyd etmək istəyirəm ki, Vüqar adlı şəxsi təxminən 2023-cü ilin yanvar ayından tanıyıram. Mənim bacım Səbinə Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Tikinti İstehsalat Birliyində işləyir. Gəncə şəhərində olan yas mərasimlərinin birində olan zaman bacım Səbinə mənə bildirdi ki, Vüqar adlı şəxs camaatı işə düzəldir. Bacım Vüqarın nömrəsini mənə təqdim etdi. Mən Vüqara məxsus mobil nömrə ilə əlaqə saxladım. Vüqar ilə söhbət etdim”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra Gəncə şəhəri ərazisində Vüqar ilə görüşüb: “Vüqara oğlumu işə düzəltmək istədiyimi bildirdim. Vüqar sentyabr ayında oğlumu Asan Xidmətə işə düzəldə biləcəyini bildirdi. Vüqar məni inandırdı, təxminən 2023-cü ilin mart ayında Bayraq Meydanın yanında mağazaya daxil olan zaman Vüqarla görüşdüm. Həmin zaman Vüqar ilkin olaraq məndən oğlumu Asan Xidmətə işə düzəltmək üçün yer saxlamaq üçün 2000 manat aldı. Müəyyən vaxtlarda Vüqar ilə əlaqə saxladım. Vüqar hər dəfəsində səbirli olmağımı istədi”.

Şəlalə bildirib ki, 2023-cü ilin iyul ayının 25-də Vüqar ilə Mərkəzi Kitabxanın yanında olan Poçtun qarşısında görüşüb: “Həmin zaman aramızda olan razılaşmaya görə Vüqara 5000 manat verdim. Vüqar Sentyabr ayının 1-də oğlumun Asan Xidmətdə işə başlayacağını bildirdi. Sentyabr ayında Vüqar ilə əlaqə saxladım. Vüqar hər gün bizi aldadaraq yaxın günlərdə oğlumu işə düzəldəcəyini bildirdi. Lakin hər dəfəsində bizi aldatdı. Pulu qaytarcağı ilə yalan vədlər verdi. Sonra oğlum ilə birlikdə Dədə Qorqud prospektində yerləşən Tüfər marketin yanında Vüqar ilə qarşılaşdıq. Həmin vaxtı Vüqar qaçıb evinə daxil oldu. Biz də Vüqarın arxası ilə getdik. Vüqarın həyat yoldaşı onu evdən qovdu ki, evə girməsin. Oğlum ilə Vüqarın arasında olan mübahisəyə görə polisə şikayət etdik. Biz Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət etdilər. Vüqar 2-ci Polis Şöbəsində bizim pulumuzu qaytarmaqdan imtina etdi. Ümumilikdə Vüqar oğlumu işə düzəltmək məqsədilə məndən 7000 manat pulu alıb. Həmin pulu dələduzluq yolu ilə keçirdiyini bildirişəm”.

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 4 min manat miqdarında cərimə olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
04 dekabr 2024, 21:43
04 dekabr 2024, 20:57
Top