Bərdədə 33 yaşlı kişi gecəyarısı tanışını bıçaqladı — TƏFƏRRÜAT

KRİMİNAL 27 noyabr 2024, 11:34
Bərdə rayonunda 1991-ci il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Raufa xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 13 dekabr 2023-cü ildə, gecə saat 02:30-da baş verib. 

Fərid həmin vaxt orta dərəcəli sərxoş vəziyyətdə Bərdə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən “Rəvan” Ticarət Mərkəzinin bərabərliyində tanışı Raufla görüşərkən sonuncu bir neçə gün əvvəl mobil telefon vasitəsilə ona zəng etməsinə baxmayaraq qəsdən zənginə cavab verməməsini irad bildirib. 

Bu zaman Fərid zəng gəlməsinə fikir vermədiyini deyib. 

Rauf isə zəng etməsini sübut etmək məqsədi ilə baxış keçirmək üçün Fəriddən mobil telefonunu tələb edib. Onun içərisində şəxsi məlumatların olduğunu bildirib və telefonu verməkdən imtina edib. 

Bu səbəbdən Fəridlə Raufun arasında mübahisə yaranıb.  

Rauf Fəridin ünvanına nalayiq ifadələr işlətməsi ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı divar kağızı kəsmək üçün nəzərdə tutulmuş bıçaq ilə əvvəlcə ona bir dəfə zərbə vurub.

Daha sonra divar kağızı bıçağını əynində olan gödəkçəsinin sağ yan cibinə qoyub oradan uzaqlaşarkən Rauf onun arxasınca gəlib, söyüş söyə-söyə əlində olan daşla onu vurmaq istəyib. Bu zaman Fərid bıçaqla Raufa daha bir zərbə endirib.

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O, özünü Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib. 

Fərid ifadəsində göstərib ki, 13 dekabr 2023-cü ildə, gecə saat 2 radələrində evdə spirtli içki qəbul etdikdən sonra şəhərə tərəf gedib: 

“Bərdə şəhəri, İsmət Qayıbov küçəsi ilə Heydər Əliyev küçəsinin kəsişməsində Raufla qarşılaşdım. Raufla bir qədər söhbət etdikdən sonra sonuncu mənə nə üçün zənginə cavab vermədiyimi soruşdu və əlini ataraq telefonumu götürmək istədi. Mən isə zəngini görmədiyimi dedim. Bundan sonra mübahisə etməyə başladım. Mən Raufdan aralanaraq getdim. Lakin səs-küyə dönərək geriyə baxdıqda Raufun əlində daşla onun arxasından gəldiyini gördüm. Bu vaxt özümü qorumaq üçün ona xəsarət yetirdim”.

Təqsirləndirilən şəxs daha sonra bildirib ki, Raufu uzun müddətdir tanıyıb, onunla əvvəllər aralarında heç bir mübahisələri olmayıb, əskinə yaxın olublar: 

“Hadisə günü evdə spirtli içki qəbul etdikdən sonra mağazadan siqaret almaq üçün çölə çıxdım. Yolda olarkən də Raufla qarşılaşdım. Qarşılaşdıqda Rauf məndən nə üçün zənginə cavab vermədiyimi soruşdu. Mən isə zəngi görmədiyimi dedim. Rauf da əlini ataraq mobil telefonumu götürmək istədi. Mən isə telefonunda şəxsi şeylərin olduğunu dedim, götürməyə imkan vermədim. Bu zaman Rauf ünvanıma nalayiq söyüşlər söyərək mənimlə mübahisə etməyə başladı. Mən isə hər ikimizin də içkili olduğumu bildirdim. Ondan uzaqlaşdım. Lakin Rauf yenə də ünvanıma ağır söyüşlər söyərək mübahisəyə davam etdi. Həmin vaxtı Rauf telefonumu əlimdən almaq üçün güc tətbiq etsə də, ala bilmədi. Çünki əlim ilə onu itələdim. Raufa zəng gəlmədiyini dedim. Rauf isə mənə zəng etdiyini sübut etmək üçün mobil telefonunu götürmək istədi. Telefonu vermədikdən sonra mübahisə etdik. Mən bir qədər uzaqlaşdıqdan sonra Raufun əlində daşla qaça-qaça üzərimə gəldiyini gördüm”.

Fərid qeyd edib ki, daha sonra onlar bir az da mübahisə edib: 

“Mən özümü müdafiə etmək üçün üzərimdəki rezakla Raufu vurdum. Raufa rezakla bir dəfə üz nahiyəsinə vurdum. Rezakı atdığım vaxt Raufun üz nahiyəsinə dəydi. Başqa yerinə xəsarət yetirmədim, öz əlimi də kəsdim. Ona görə də, Raufu itələyən zaman sonuncuya rezakla vurmamışam. Həmin vaxt rezakı cibimdən çıxarmadım. Əlim cibimdə olan zaman da rezak öz əlimi kəsmişdi. Raufun üz nahiyəsinə rezakla xəsarət yetirməkdə hər hansı məqsədim olmayıb. Sadəcə rezakı atmışam və təsadüfdən rezak sonuncunun üzünə dəyib. Rauf əlindəki daşı atmaq istədi. Lakin daşı atmaması üçün onu vurmuşam. Rauf daş atmağa cəhd etməmişdən qabaq onu vurmamışam. Sadəcə getməsi üçün Raufu əlim ilə itələmişəm”. 

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Fərid 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını  ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top