Məktəblilərin dərs yükü necə azaldıla bilər?

GÜNDƏM 23 oktyabr 2024, 18:59
İnkişaf etmiş ölkələrdə dərslər uşaqlar üçün bir düymə qədər yaxında olur. Onlar planşet və ya kompüterdən istifadə etməklə dərslərini yerlərinə yetirirlər. Çiyinlərində isə sözün əsl mənasında dünya qədər yük daşımırlar. Bizim valideynlərin səsləri isə eşidilmir. Hər il artan materiallar, dərslərin ağırlığı şagirdlərlə birlikdə valideynlərə də yük olub. İllər öncəyə qayıtsaq görərik ki, heç olmasa, şagirdlər 9-cu sinifdən sonra əlavə məşğələlərə yönəlirdi. İndi isə ibtidai sinif şagirdləri dərsdən əlavə məşğələyə gedir. Üstəlik valideyn istəyir ki, övladı hansısa idmanla, sənətlə də məşğul olsun. Nəticədə dərsdən əlavə məşğələ və digər məşğuliyyətlər azyaşlını yorur, bütün bunlar öz səmərəsini itirir. Məktəblilər öz bacı-qardaşlarının dərsliklərini istifadə edə bilmirlər. Valideyn məcbur qalır ki, hər il yeni dərsliklərə pul ödəsin. Bir evdə üç məktəblinin olduğunu nəzərə alsaq, vəziyyət ürəkaçan görünmür. 

Valideynlər eyni zamanda şikayət edir ki,  axşamlar ən az 3 saatımız uşağın tapşırıqlarını yerinə yetirmək üçün gedir. 

Ekspertlər bildirir ki, əvvəlki təhsil sisteminə qayıtmaq lazımdır. Dərs minimum olmalıdır. Müəllim-şagird, müəllim- valideyn münasibəti sahmana salınmalıdır. Valideynlər məktəbə girə bilməli, dərs proqramı ilə yaxından tanış olmalıdılar. Münasibətlər yox, dərslər elektronlaşmalıdır. 

Dərslərin ağırlığı da minimuma endirilməlidir. Çox vaxt tapşırıqları valideyn belə başa düşə bilmir. 

Bütün bunların fonunda məktəblilərin əvvəlki kimi məktəbə həvəslənməsi üçün dərs yükü və ağırlığı azaldılmalı. Münasibətlər əvvəlki qaydasına qayıtmalıdır. Bu problemlər həll edilməsə, valideynlər həm maddi, həm də mənəvi çətinlik çəkməyə davam edəcək. Uşaqlar da məktəbi məcburiyyət olaraq görəcəklər. 

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2024, 19:25
Top