Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

MEDİA 23 oktyabr 2024, 19:36

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini başa çatdırıb.

Demokrat.az  xəbər verir ki, İqlim Forumu Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilib.

Forumda iştirak üçün Azərbaycandan Özbəkistana səfər edən layihə rəhbəri, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Aqil Ələsgər, Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev, Azərbaycan Gənclər Fondunun nümayəndələri Emil Yusifov və Zaur Osmanov, “Vətəninfo” saytının baş redaktoru Nahid Canbaxışlı, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri Nahib Bədəlov və Famil Məmmədov səfərin ilk günü ulu öndər Heydər Əliyevin Daşkənddəki abidəsini ziyarət edib, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev ilə görüşüblər.
 

Səmimi şəraitdə keçən görüşdə H.Quliyev forumun Azərbaycan və Özbəkistan üçün mühüm əhəmiyyətinə diqqət çəkib və forum iştirakçılarına uğurlar arzulayıb.
 



 

Səfər zamanı nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzini ziyarət edib, orada Azərbaycanla bağlı mədəni fəaliyyətlərlə tanış olublar. Mərkəzin sədr əvəzi Nadir Əlimirzəyev qonaqları mədəniyyət mərkəzinin fəaliyyəti ilə tanış edib.


Daha sonra Özbəkistan Həmkarlar İttifaqında Xusen Ermatovun təşkilatçılığı ilə Özbəkistanın media rəhbərləri ilə forumun nümayəndə heyəti arasında geniş görüş baş tutub. Görüşdə Azərbaycan-Özbəkistan qarşılıqlı media əlaqələri, ekoloji problemlərin həlli ilə bağlı müzakirələr aparılıb.


Forumdan öncə iştirakçılar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə universitetdə yaradılmış Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi ilə tanış olublar.

 

Səfərin ikinci günü Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” keçirilib.


Forumda çıxış edən layihə rəhbəri, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Aqil Ələsgər layihənin gerçəkləşdirmə məqsədinin 2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək, Azərbaycanın COP29 kimi dünya əhəmiyyətli tədbirə ev sahibliyi edəcəyini vurğulayıb. O bildirib ki, “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu”nun keçirilməsində əsas məqsədlərdən biri də COP29-a hazırlıqdır.

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Özbəkistan Respublikası Ali Məclisinin deputatı Gülbahar Seyidqəniyeva, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin baş mütəxəssisi Emil Yusifov və Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhfuzə Artıkova çıxış edərək, Azərbaycan və Özbəkistanın iqlim siyasətindən bəhs ediblər.


Daha sonra COP29 ilə bağlı “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyinin hazırladığı qısa videoçarx nümayiş olunub.

Forumdan sonra Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək ədəbiyyatı tarixi kafedrasının müdiri professor Nurbay Cabbarovun moderatorluğu ilə keçirilən “Özbəkistan-Azərbaycan: İqlim üçün birləşək” panelində Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Ekoloji Diplomatiya Departamentinin sədri Elyar Narpolatov, Qarabağ qazisi, jurnalist Nahid Canbaxışlı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin koordinatoru Famil Məmmədov forumdan irəli gələn mövzuları müzakirə ediblər.


Forum öz işini “Yaşıl dünya naminə” sərgi ilə davam etdirib. 17 oktyabrda açılan sərgi iki gün davam edib.

Forum çərçivəsində Daşkənddə olan heyət Özbəkistan Jurnalistlər İttifaqında sədr Xolmurad Salimov tərəfindən qəbul edilib, hər iki ölkənin media və vətəndaş cəmiyyəti arasındakı münasibətlərdən danışılıb.

Jurnalistlər İttifaqındakı görüşdən sonra Özbəkistan Gənclər İdarəsinin rəsmiləri və Daşkənd Beynəlxalq Vestminster Universitetinin rektoru Kamiljon Karimov ilə görüşən nümayəndə heyətini Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları Yusif Məmmədov və Vüqar Mirzəyev müşayiət edib. Hər iki görüşdə Azərbaycan-Özbəkistan gənclərinin ortaq fəaliyyəti müzakirə olunub.















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top