Bakıda çoban sevgilisini niyə qətlə yetirib? — TƏFƏRRÜAT

HADİSƏ 23 oktyabr 2024, 19:59
Bakının Xəzər rayonunda 1992-ci il təvəllüdlü Şahmar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı sevgi münasibətində olduğu Aydanı (adlar şərti göstərilib – red.) qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şahmar sevgili münasibətində olduğu Aydan ilə yaşadıqları və birlikdə həyətdə olan iri, kiçik buynuzlu heyvana baxdıqları Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları yaşayış massivində yerləşən Elşənə məxsus nömrəsiz fərdi yaşayış evində şəxsi münasibətlərin pozulması zəminində onunla mübahisə edib. 

Daha sonra Şahmar 23 fevral 2022-ci ildə, saat 9 radələrində Aydana su qızdıraraq onun paltarlarını yumasını deyib. Amma Aydan “mən sən üçün paltar yuyan deyiləm, özün yuyarsan köpək oğlu” ifadəsini işlədib, Şahmarın atasını təhqir edib. 

Bundan qəzəblənən Şahmar mətbəxdən götürdüyü bıçaqla Aydanı öldürmək niyyəti ilə ona ümumilikdə 59 bıçaq zərbəsi vurub. Qadın aldığı zərbələrdən ölüb. 

Hadisəni törədən Şahmarın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 1 fevral 2022-ci ildən Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivinə gəlib və orada Elşən adlı şəxsin fermasında işləməyə başlayıb: “Aylıq 300 manat müqabilində kiçik buynuzlu heyvanın təmizliyinə baxmışam. Eyni zamanda, həmin həyətdə bir otaqlı tikilidə qalmağa başlamışam. Məndən başqa orada Aydan, onun oğlu Rasim və Elşad adında şəxs qalıb. Aydan heyvanların sağma işinə baxıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, ilk gündən Aydan ilə yaxın münasibətləri yaranıb: “Tanışlığımızın 3-cü günündə Aydan məni qaldığı evə dəvət etdi. İlk dəfə onunla cinsi əlaqədə oldum. Bundan sonra sevgili münasibətlərimiz yarandı. 2-3 gündən bir Aydan ilə birlikdə qalmışam. Aydan özü hər dəfə məni yanına çağırıb və könüllü şəkildə onunla cinsi əlaqədə olmuşam. Aydan ilə bir-birimizi sevməyə başladıq. Hətta evlənməyi də düşündük. Birlikdə olduğumuz müddət ərzində Aydan ilə aramızda heç bir mübahisə, dava olmayıb”. 

Şahmarın sözlərinə görə, sonuncu dəfə Aydan ilə fevralın 18-də bir yerdə qalıblar, onun bəzi paltarları da Aydanın evində olub: “Hadisəyə qədər isə öz otağımda qalmışam. Fevralın 23-də, səhər saatlarında Aydan heyvanları sağdı və sonra evə gəldi. Həmin vaxt mən də onun evində olmuşdum və yemək yeməyə hazırlaşırdıq. Həmin vaxt Rasim məktəbdə olub, Elşad isə heyvanları otarmağa aparmışdı. Aydana qızmağa su qoyub, paltarlarımı yumağını bildirdim. Aydan acıqlı şəkildə işinin olduğunu dedi və bildirdi ki, mən sənin üçün paltar yuyan deyiləm, özün yuyarsan köpək oğlu. Aydanın bu sözü məni çox qəzəbləndirdi. Aydana iradını bildirdim, niyə özümü yox, atamı söydüyünü dedim. O da yaxşı elədiyini dedikdən sonra Aydanın qaldığı evin mətbəx otağında olan və gündəlik istifadə edilən bıçağı götürdüm, ona çox sayda xəsarətlər yetirməyə başladım. Həmin vaxt hər ikimiz ayaq üstə olmuşuq. Mən Aydanın boğaz, boyun, sifət nahiyələrinə bıçaqla xəsarətlər yetirməyə başladım. Bir neçə bıçaq zərbəsindən sonra Aydan ağzı üstə yerə yıxıldı və artıq səsi çıxmadı. Dəqiq olaraq neçə bıçaq zərbəsi vurduğumu bilmirəm. Ancaq kifayət qədər çox olduğu yadımdadır”.

Şahmar qeyd edib ki, Aydanı qətlə yetirən zaman saat 9 radələri olub və tutulacağından qorxduğu üçün metronun “20 Yanvar” stansiyasına gedib: “Oradan taksiyə minərək, Bərdə rayonuna getdim. Saat 14 radələrində Bərdəyə, qohumum Mahirin evinə getdim. Hadisə barədə heç nə demədim. Sadəcə bir günlük Bərdəyə gəzməyə gəldiyimi bildirdim. Bir neçə dəqiqə sonra Mahirin kiçik oğlu Nəsimi atasına zəng vuraraq onun Bərdə Rayon Polis Şöbəsinə çağırıldığını və onun axtarıldığını dedi. Bu zaman polis əməkdaşlarının məni axtardıqlarını anladım. Mahirə heç nə demədən evdən tələsik çıxdım. Bir neçə saat küçələrdə gəzdim. Saat 20 radələrində əmim Musanın evinə getdim. Gecə saat 24 radələrində isə yatan zaman polis əməkdaşları gələrək məni tutdular”.

Cinayət işi zərərçəkmiş Aydanın hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, çobanlıq edir, mərhum Aydan onun doğma bacısı olub: “Biz ailədə 3 qardaş, 1 bacı olmuşuq. Bibim Səlimınin doğma övladı olmadığından valideynlərim doğulduqdan sonra Aydanı onun ailəsinə veriblər. Aydanı  bibim böyüdüb. 2006-cı ildə Aydan Kərim adlı şəxslə ailə həyatı qurdu. Atam narazı olsa da, Aydan evlənmək istədiklərindən etiraz etmədik. Həmin evlilikdən Aydanın Rasim adında oğlu doğulub. Bir neçə ildən sonra isə Kərim dünyasını dəyişdi. Aydan da oğlu ilə bibimin evinə qayıtdı. Sonra isə Aydan Sadiq adlı şəxslə tanış oldu. Sadiq bildirdi ki, guya Aydan ilə ailə həyatı quracaq, kəbin kəsdirəcək. Bibim Səlimə və əri Abbas öldükdən sonra isə Aydan onların evini satdı. Çünki Sadiq həmin evin satmağı və rayonun mərkəzindən yeni almağı məsləhət gördü. Həmin vaxtlar isə bacım oğlu ilə Sadiqin evində qalıb. Bəzən də Sadiq onun evinə gəlib. Evi satdıqdan sonra Aydan pulu Sadiqə verdi. Sadiq da Aydan və Rasimi öz evinə apardı. Bir müddət yaşadıqdan sonra isə Sadiq Aydan ilə yola getmədiklərini dedi, onu evdən çıxardı. Onlar əlaqələri yavaş-yavaş kəsdi. Sadiq ilə ayrıldıqdan sonra Aydan oğlu ilə birlikdə Bakı şəhərinə gəldi və fermada işləməyə başladı. Mən bu haqda sonradan rayonda yaşayan qohumlardan eşitdim. Bakıda qaldığı müddət ərzində bacım ilə heç bir əlaqəm olmadı”. 

Zərərçəkmiş şəxsin hüquqi varisi qeyd edib ki, fevralın 23-də bacısı Aydanın yaşadığı evdə qətlə yetirildiyi məlumatını alıb: “Mən həmin gün Bakıya gəldim. Aydanın meyitini Beyləqan rayonuna apardım, orada basdırdım. Hadisə barədə hər hansı məlumatım olmayıb. Aydanı kimin və hansı səbəblə qətlə yetirdiyini bilmirəm. Hər bir halda cinayəti törətmiş şəxsin qanuna müvafiq cəzalandırılmasını, mərhum bacımın oğlu Rasimin haqqının yerdə qalmamasını xahiş edirəm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahmar 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top