Bakıda zərgər pul borcu üstündə kirvəsini bıçaqladı

KRİMİNAL 23 oktyabr 2024, 20:24
Bakının Nizami rayonunda 1987-ci il təvəllüdlü Ələşrəf şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Ramilə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Orbit” Ticarət mərkəzinin dayanacağında baş verib. 

Ələşrəf orada qohumu Ramilin hadisədən bir neçə ay əvvəl vermiş olduğu 300 manat borc pulu ala bilməməsinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun onu yumruqla çənə nahiyəsindən vuraraq ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən əlində gəzdirdiyi zərgər sənətində istifadə edilən biz (oyma) adlanan alətlə onun qarın nahiyəsindən qəsdən iki dəfə vurub. 

Hadisəni törədən Ələşrəfin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ələşrəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ramil onun həm sinif yoldaşı, həm uşaqlıq dostu, həm də kirvəsidir: “Ramil məndən borca pul istədi. Mən də ona pul verdim. Həmin ərəfələrdə qardaşım əməliyyat olduğu üçün mənə pul lazım idi. Mən də Ramildən borca verdiyim pulu istədim. Ramil pulu bu günə, sabaha verəcəyini bildirdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü işdə olub və Ramil ilə səhər saatlarında danışanda 15-16 radələrində borc aldığı pulu işlədiyi yerə gətirərək qoyacağını deyib: “Siqaret çəkmək üçün çölə çıxdım. Evə gedərək yemək yeyəcəkdim. Lakin Ramili gözləyənə qədər qutab yeməyi qərara aldım. İş yerimdən aralıda qutab satılan yerə gedəndə yolda Ramil ilə rastlaşdım. Ramildən borc verdiyim pulu istədim. Ramil də pulu verəcəyini deyərək məni təhqir etdi. Ramilə qohum olduğumuzu bildirdim və nə üçün məni təhqir etdiyini soruşdum. Ramil üz nahiyəmə yumruq atdı. Mən də Ramili özümdən aralamaq istəyəndə əlimdə olan alət ona dəydi. Qan axdığını gördüm və qorxdum”. 

Təqsirləndirilən şəxs bildirib ki, hadisə baş verən kimi qardaşını çağırıb və özü isə Nizami Rayınm Polis İdarəsinə gedərək cinayət törətdiyimi bildirib: “Qardaşım Ramili həkimə apardı. Baş verən hadisə ilə bağlı məni tutdular. 40-45 gündən sonra ev dustaqlığına buraxıldım. Ətir və zinət əşyaları dükanında zərgər işləyirəm. Qutab satılan yer işlədiyim yerdən 300 metr aralıda yerləşir. Mən qutab satılan yerə çatmamış yolda təsadüfən Ramillə rastlaşdım. Hadisədən əvvəl saat 16-17 radələrində Ramillə onun pul verməyi ilə bağlı görüşəcəkdi. Bizə oxşar alət yadımdan çıxaraq əlimdə qalıb. Mən üzümə dəyən yumruqdan sonra özümdə olmadığım üçün Ramilə neçə dəfə xəsarət yetirmişəm. Anam əməliyyat olunduğu üçün, kor ola bilmək ehtimalının olduğundan fikirli olmuşam. Ona görə də biz əlimdə qalıb. Əlimdəki biz Ramilin çənəmə yumruqla vuranda aralanmaq üçün onu itələyəndə dəyib. Arxaya çəkiləndə Ramil köynəyini qaldıranda qan axdığını gördüm. Ramil yaraladığını deyəndə bilib ki, ona xəsarət yetirmişəm. Qardaşım Ramili həkimə aparıb. Mən isə evə gedərək baş verən hadisəni danışmışam. Hadisə baş verəndən sonra da Ramil məni təhqir edirdi. Heç kimə təhqiredici ifadələr işlətmədiyim üçün özümə qarşı kiminsə təhqiredici ifadə söyləməyini qəbul etmirəm. Ramillə aramızda sakit söhbət gedəndən sonra məni təhqir etdi və yumruqla çənəmdən vurdu. Biz dediyimiz  alət tutacağı taxtadan, uzunluğu barmaq ölçüdə olan alətdir”. 

Ələşrəfin ifadəsinə görə, hadisə baş verən andan heç bir şikayət olmayıb, zərərçəkmiş Ramil ilə barışıb: “Mənim Ramili davamlı olaraq vurmağa imkanı var idi. Sadəcə mənim onu vurmaq niyyətim yox idi. Baş verən hadisədən qabaq mütəmadi olaraq Ramilə zəng vuraraq pulumu istəmişəm. İş yerimdən baş verən hadisə yeri arasında 300 metr məsafə olar. Hadisə vaxtı 1-ci Ramil məni vurub. Ramilin bütün xərclərini özüm ödəmişəm. Mənim Ramili vurmaq niyyətim olmayıb. Hadisə təsadüfən baş verdi. Qardaşım xərçəng xəstəliyindən əziyyət çəkirdi, təzəcə qardaşımı əməliyyat etdirib qutarmışdım ki, anamın gözlərini əməliyyat etmək üçün pul toplayırdım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2015-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib və 8 il 6 ay azadlıqdan məhrum edilib: “2019-cü ildə azadlığa buraxıldım. Hadisə də 2023-cü ildə baş verib. 4 il azadlıqda olduğum müddətdə heç kimə heç bir problem yaratmamışam. Atamın, arvadımın valideynlərimin hər ikisinin vəfat etməsini, 2 övladımın olmasını, bacımın  boşanmasını, anamın xəstəliyini nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ramilin sözlərinə görə, Ələşrəfi 1997-ci ildən bəri tanıyıb və Ələşrəflə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 282 saylı tam orta məktəbdə eyni sinifdə təhsil alıblar: “Sonradan Ələşrəf oğlumun kirvəsi olub. Ələşrəflə  aramızda heç vaxt düşmənçilik, qərəzli münasibət olmayıb. Bizim münasibətimiz həmişə normal olub. Hadisədən təxminən 2 ay əvvəl maddi cəhətdən çətinliyim olduğundan Ələşrəfdən 300 manat borc pul alaraq qısa müddət ərzində qaytaracağımı bildirdim. Bir müddət sonra Ələşrəf verdiyi 300 manat borcu geri qaytarmağımı mütəmadi olaraq məndən tələb etdi. Mənim də  maddi sıxıntılarım olduğundan Ələşrəfə pulu qısa müddətə qaytaracağımı bildirdim”.

Zərərçəkmiş qeyd edib ki, 31 mart 2023-cü ildə Ələşrəf ona bir neçə dəfə zəng vuraraq yenidən verdiyi 300 manat borcu geri qaytarmağını istəyib: “Mən də Ələşrəfə bu gün görüşəcəyimizi, borcumu gün ərzində qaytaracağımı bildirdim.  Həmin gün, saat 17 radələrində Qara Qarayev prospektində yerləşən “Orbit” ticarət mərkəzinin yaxınlığına yerləşən qızıl mağazasına getdim. Bu zaman təsadüfən Ələşrəflə qarşılaşdım. Ələşrəf yaxınlaşaraq hansı səbəbə görə ona qarşı yalan danışaraq aldatdığımı soruşdu. Ələşrəfə borcunu qısa müddətə qaytaracağımı bildirdim. Bundan sonra Ələşrəf mənə bu sözlərlə onu neçə müddətdir ki, aldatdığımı bildirdi. Bizim aramızda mübahisə yarandı. Biz orada insanlara mane olmamaq üçün “Orbit” ticarət mərkəzinin avtodayanacağına tərəf getdik. Orada mübahisə zaman Ələşrəf mənim yalançı olduğumu bildirdi. Ələşrəfə yalançılığımı harada gördüyünü soruşdum. Əsəbləşərək Ələşrəfin ünvanına nalayiq ifadələr işlətdim. Bundan sonra Ələşrəf bir əllə yaxamdan tutaraq mənə qəti şəkildə nalayiq ifadə işlətməməyi bildirdi. Mən yumruqla Ələşrəfin çənə nahiyəsindən zərbə endirdim. Ələşrəf isə əlində bıçaq olaraq zənn etdiyim iti uclu bir əşya ilə qarın nahiyəmdən bir dəfə zərbə endirdi. Mən qarnımdan qan axdığını gördüm. Ələşrəf isə qorxusundan oradan qaçaraq uzaqlaşdı. Mən də qarnımı tutaraq Nizami rayonunda yerləşən 6 saylı Təcili və X6 Stansiyasına müraciət etdim. Oradan da məni xəstəxanaya apardılar”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ələşrəf 4 il 11 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını, barəsində daha yüngül cəza təyin olunmasını xahiş edib. 

Onun şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, onun şikayəti təmin olunmayıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top