Bakıda 63 yaşlı kişi arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 22 oktyabr 2024, 16:15
Bakının Xəzər rayonunda 1961-ci il təvəllüdlü Şəmisəddin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Kəmaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağları nömrəsiz evdə baş verib. 

Masallı rayon sakini Şəmisəddin arvadı Kəmalə ilə aralarında baş vermiş mübahisə zəminində masanın üzərindən götürdüyü stəkanla onun sağ qol nahiyyəsindən qəsdən bir dəfə, təpiklə isə ayaq nahiyyəsindən bir neçə dəfə vurub. 

Hadisəni törədən Şəmisəddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şəmisəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Kəmalə onun arvadıdır: “Kəmalə ilə nikahımızdan 3 övladımız var. Hadisə günü saat 19 radələrində yaşadıqları Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağları nömrəsiz evdə arvadım ilə aramızda mübahisə baş verdi. Arvadım məni təhqir edərək əsəbləşdirdiyindən baş vermiş mübahisə zəminində masanın üzərindən götürdüyüm stəkanla onu vurdum. Sonra isə evdən getdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Kəmalənin sözlərinə görə, son 1 il ərzində yaşadıqları evdə əri Şəmisəddin ilə dəfələrlə aralarında münaqişələr olub: “Hadisə günü, saat 19 radələrində yaşadığımız evdə olduğum zaman Şəmisəddinlə aramızda mübahisə baş verdi. Mübahisəyə səbəb Şəmisəddinin sərxoş vəziyyətdə evə gələrək dava salması olub. Aramızda mübahisə baş verib və mübahisə zamanı Şəmisəddin məni masanın üzərindən ötürdüyü stəkanla və təpiklə qəsdən vuraraq müxtəlif bədən xəsarətləri yetirdi. Hazırda Şəmisəddinlə barışmamışam”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şəmisəddin 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsə yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.

Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 16:37
Top