Güclü yağış nəticəsində Fransada məktəblər bağlanıb

DÜNYA 22 oktyabr 2024, 18:56
 Dünyanın müxtəlif şəhərlərində intensiv yağışlar davam edir. Bir neçə gündür yağan leysan sel və daşqınlara səbəb olub. 

Demokrat.az euronews-a istinadən xəbər verir ki, Fransanın cənubuna yağan leysan xarakterli yağışlar bir sıra bölgələrdə güclü daşqınlarla nəticələnib. Aidiyyəti qurumlar daşqın təhlükəsi barədə əhaliyə xəbərdarlıq edib. Çayların daşması nəticəsində yollar bağlanıb. Bu vəziyyət məktəblərin də bir neçə günlük bağlanmasına səbəb olub. 320-dən çox yanğınsöndürən və dörd helikopter vəziyyətlə bağlı ərazilərə cəlb edilib. Fransa meteorologiya xidməti bir neçə bölgədə daşqınların olacağı ilə bağlı qırmızı xəbərdarlıq elan edib. Məlumata görə 48 saat ərzində 630 mm-ə qədər yağış qeydə alınıb.

Təbii fəlakət İtaliyada da fəsadlar törədib. Sel və daşqınlardan ən çox Emilia-Romaqna bölgəsi əziyyət çəkib. Bolonya şəhərində bir uşaq selin qurbanı olub. Toskanadakı Elza və Siciliyadakı Salso çayları daşıb. Bölgə sakinlərinə zərurət olmadıqca evdən çıxmamaq barədə xəbərdarlıq olunub. Bu cür hava şəraitinin hələ bir neçə gün davam edəcəyi bildirilir. 

Yağış Körfəz ölkələrindən də yan keçməyib. Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn və Küveytdə mağazalar, yollar, magistrallar bağlanıb. Güclü külək və leysan yağışlar nəticəsində ölüm halları qeydə alınıb. 

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top