“Hələ də bir çox obyektlərin parklanma yerləri yoxdur” — Yeni məntəqələr yaradılır

GÜNDƏM 22 oktyabr 2024, 17:30
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakıda yeni parklanma məntəqələri yaradıb. Paytaxtın İsmayıl bəy Qutqaşınlı və Qurban Xəlilov küçələrində 5 yeni ödənişli parklanma məntəqəsi istifadəyə verilib. Parklanma nəqliyyat infrastrukturunda narahatlığa səbəb olan məsələlərdən biridir. Mərkəzi küçələrdə sürücülər avtomobillərini park etməkdə çətinlik çəkirlər, boş yer tapılmır çox vaxt. Həm də parklama yerləri azdır, bir çox yerdə avtomobil saxlamaq qadağandır.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib. E.Cəfərov qeyd edib ki, dövlət avtomobil yollarında parklanmanı təşkil edir:

“Lakin bilmək lazımdır ki, parklanma yerlərini təşkil etmək o qədər də asan deyil. Çünki yer məhdudiyyəti olur. Parklanma məsələsini birdəfəlik həll etmək üçün sadə şəhərsalma və tikinti qaydalarına əməl etmək lazımdır. Bunun üçün də Bakı şəhərindəki bütün yaşayış və qeyri-yaşayış sahələrinin parklanma yerləri olmalıdır. Bunu da obyekt sahibləri təşkil etməlidirlər. Obyektlər tikilərkən artıq parklanma yerləri də salınmalıdır. Hələ də bir çox obyektlərin parklanma yerləri  yoxdur. Parklanmanın təşkil olunmasını tələb etmək də müvafiq qurumların üzərinə düşür”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top