Qızının ali məktəbə qəbul olmadığına əsəbləşdi, arvadına xəsarət yetirdi

HADİSƏ 23 oktyabr 2024, 20:10
Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Əsəd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Laləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə yaşadıqları evdə, səhər saat 8 radələrində baş verib. Əsəd arvadı Lalə ilə aralarında baş vermiş mübahisə zamanı əli ilə onun sağ göz nahiyyəsindən vurmaqla ona xəsarətlər yetirib. 

Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Lalə ilə ailə həyatı qurub və birgə nikahdan 3 övladları var: “Son vaxtlar Lalə ilə aramızda ara sıra münaqişələr baş verir. Hadisə günü, saat təxminən 08:00-da yaşadığımız evdə olan zaman qızım Ləmanın ali məktəbə qəbul olunmaq üçün verdiyi imtahanın nəticəsi barədə Lalənin mobil telefonuna mesaj gəldi. Ləman mesajı məndən gizlətdiş Bundan sonra məlum oldu ki, Ləman ali məktəbə daxil ola bilməyib. Bu səbəbdən əsəbiləşdim. Yumruqla Lalənin sifətindən, sağ gözündən vurdum. Münaqişə təxminən 5-10 dəqiqə davam etdi. Həmin vaxt ətrafda heç kəs olmayıb. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Lalənin sözlərinə görə, 2004-cü ildə Əsədlə ailə həyatı qurub və birgə nikahdan 3 övladları var: “Son bir neçə ildir ki, xasiyyətlərimiz uyğun gəlmir və mütəmadi olaraq Əsədlə aramızda münaqişə olur. Lakin ailəmin dağılmaması üçün polisə şikayət etməmişəm”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, təxminən saat 08:00-da  yaşadıqları evdə olan zaman qızı Ləmanın ali məktəbə qəbul olunmaq üçün verdiyi imtahanın nəticəsi barədə onun mobil telefonuna mesaj gəlib: “Məlum oldu ki, Ləman ali məktəbə daxil ola bilməyib. Əsəd bunu bilərək mənimlə mübahisə etdi. Yumruqlarla sifətimdən, başımdan, sağ gözümdən və bədənimin müxtəlif yerlərindən vurdu. Həmçinin evdə olan plastmas süpürgənin tutacağı ilə də qollarımdan və bədənimdən vuraraq məni döydü. Bundan sonra Əsəd sakitləşdi. Mən də polisə şikayət etməyərək, heç kimə bu barədə məlumat vermədim”. 

Zərərçəkmiş şəxsin sözlərinə görə, növbəti gün səhər saatlarında Yardımlı rayonunda yaşayan qardaşı Faiq onun yaşadığı ünvana gələn zaman onun xəsarət aldığını görüb: “Mən olanları Faiqə danışdıqdan sonra məni xəstəxanaya apardı. Münaqişə təxminən 5-10 dəqiqə davam etdi. Mübahisə zamanı ətrafda heç kəs olmayıb. Hadisədən sonra mənim gözümün ətarı tam şişdi. Hətta bir müddət gözüm görmədi. İki qız övladım mənimlə birlikdə yaşasa da, oğlum atası ilə yaşayır. Əsədlə barışmamışam, ondan şikayətçiyəm. Amma Əsədin həbs olunmasını istəmirəm. Lakin qismən yüngül cəza çəkməsini istəyirəm”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsəd 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, BTZ bağları, fərdi ev ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top