“Cənubi Qafqazdakı proseslərə öz ciblərinin gözü ilə baxırlar...” — Elman Nəsirov avropalı parlamentariləri tənqid etdi

GÜNDƏM 23 oktyabr 2024, 18:46
“Azərbaycan Respublikası dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 konfransına hazırlıq mərhələsində çox saylı antiAzərbaycan dairələrin təzyiqinə tuş gəlib. Həm Birləşmiş Ştatlar Konqresi, həm Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul edilməsi ilə üz-üzə qalmışıq. Bu nöqteyi-nəzərdən yanaşsaq, Avropa Parlamentinin son dırnaqarası fədakarlığının motivlərini başa düşə bilərik. AP-də plenar iclas keçirildi və Azərbaycana qarşı iki əsas məsələni ehtiva edən qətnamə müzakirə olundu. Birincisi Azərbaycanda insan hüquqları və beynəlxalq hüququn pozulması ilə bağlı qondarma bir iddia, ikincisi isə Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı məsələ və bunun şərhində anti-Azərbaycan baxışlarının geniş yer almasıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov qeyd edib ki, insan hüquqları ilə bağlı məsələdə Avropa Komissiyasının komissarı Nikolas Şmit fəallığı ilə seçilir və yalanlarla dolu məlumatlar səsləndirir:

“Bütün məsuliyyəti Azərbaycanın üzərinə ataraq COP29 öncəsi dövlətin seçim qarşısında olduğu deyir. N.Şmit Ermənistanla bağlı heç bir fikir səsləndirməyib və Ermənistanın sülh prosesində nəticə əldə olunması üçün çalışdığını, Azərbaycanın prosesə biganə yanaşdığını deyərək şayiə yayıb. Fransalı parlamentari Fransua Bellami ermənidən çox erməni xislətli olduğunu ortaya qoyub. Azərbaycan hakimiyyətini zorakılıqda ittiham edib, guya biz siyasi fəallara qarşı repressiya tətbiq edirik, guya Azərbaycanda siyasi məhbuslar var və onlar dərhal azad olunmalıdır. Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayət əməlinə görə həbs olunan şəxslər var. Necə ki, Fransanın özündə bu gün həbsxanalar ağzına kimi doludur və xüsusilə də dəniz arxası ərazilərdə xalqın azadlıq mübarizəsi qan içində yatızdırılır. Fransua Bellami kimilərin azadlıqdan, insan hüquqlarından danışmağa heç bir haqqı yoxdur. Erməni diasporunun köməyi ilə deputat olmuş şəxslərdən biridir, erməniləri özlərindən çox müdafiə edir. Maliyyələşdirildiyi üçün Azərbaycan əleyhinə fikirlər səsləndirir. Digər deputatlar Yannis Matratis, Şelba Stoza, Cordan Bardela, Natali Luaza kimiləri də erməni canfəşanlığının pik nöqtəsinə qalxıblar, təhrif olunmuş məlumatlarla gündəmə gəliblər. Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərə qarşı etnik təmizləmə siyasəti apardığını, onların zorla qovulduğunu deyirlər. Bunlar o qədər cəfəngiyyatdır ki, insan Avropa Parlamentinin bu qədər ucuzlaşdırıldığına təəssüf edir”. 

Millət vəkili bildirib ki, Avropa Parlamentinin yüksək səviyyəli məmurlarının adları rüşvət və korrupsiyada hallanır:

“Biz bunu bilirdik, amma güman edirdik ki, buna son qoyular. Amma Azərbaycan əleyhinə saxta fikirləri eşitdikcə əmin oluruq ki, Avropalı siyasətçilər təpədən dırnağa qədər korrupsiya içərisindədirlər. Siyasi sifarişlər yerinə yetirirlər, onlar üçün mənsub olduqları ölkələrin, təşkilatların mənafeyi əsas deyil. Cənubi Qafqazdakı proseslərə öz ciblərinin gözü ilə baxırlar. Azərbaycana qarşı sanksiyaların tətbiq edilməli olduğunu bildirirlər. Vurğulayırlar ki, COP29 boykot edilməlidir, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji əməkdaşlıq müqaviləsinə xitam verilməlidir, həm də Azərbaycan Avropanın öz xahişi ilə Avropaya nəql etdiyi enerjini artırmağı planlaşdırdığı bir vaxtda”. 

E.Nəsirov bu cəhdlərin nəticəsiz qalacağına əminliyini ifadə edib: 

“Cənab Prezident dəfələrlə qeyd edib ki, biz regiona uzunmüddətli və dayanıqlı sülh gətirmək istəyirik. Sülh müqaviləsi ilə bağlı baza prinsipləri biz irəli sürmüşük. Tam sülhün əldə edilməsi bizim strateji hədəfimizdir. Azərbaycanı zorakılıqda ittiham edənlər dönüb özlərinə baxsınlar. Azadlıq uğrunda mübarizə aparanlara dözülməz əzablar verən bir hakimiyyətin təmsilçiləri görün Azərbaycanı nədə ittiham edirlər. Bir misal var – adımı sənə qoyum, səni yana-yana qoyum... Eyni vəziyyətə düşmüşük... 

Azərbaycan demokratiya yolunu, inkişafı seçmiş bir dövlətdir. Bu yolda həlledici addımlar atırıq, bütün dünya da bunu görür. Avropalı parlamentarilər görsünlər ki, dünya bir qitədən ibarət deyil, daha böyükdür”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2024, 19:25
Top