“Fast food”dan zəhərlənə bilərik — Statistika gizlədilir?

GÜNDƏM 23 oktyabr 2024, 18:29
 Amerika Birləşmiş Ştatlarında “McDonald’s” şəbəkəsində qidadan ölüm halı baş verib. Belə ki, “fast food” yeyəndən sonra bağırsaq çöpləri infeksiyasına yoluxmuş bir nəfər ölüb, on nəfər isə zəhərlənərək xəstəxanaya yerləşdirilib. “Fast food” qidaların orqanizmə zərərlərindən tez-tez danışılsa da uşaqlar da, böyüklər də qida rasionlarında bu cür hazır yeməklərə yer verir, imtina etməkdə çətinlik çəkirlər. Az qala bütün dünyada məhşur olan “McDonalds” şəbəkəsi Azərbaycanda da var. Deməli, ölkəmizdə də istehlakçılar bu restoranlar şəbəkəsinin yeməklərindən zəhərlənməkdən sığortalanmayıblar.  

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, AQTA bu sektora nəzarət edir:

“Lakin AQTA xüsusi bir sənəd hazırlamır ki, istehlakçılar hansı qidanın təhlükəsiz olduğunu bilsinlər. Biz istehlakçılara bunu deyə bilmirik, çünki belə bir sənəd yoxdur. Əvvəllər sertifikat verilirdi, indi isə bu da yoxdur. Əlbəttə, istisna deyil ki, ABŞ-də baş verənlər Azərbaycanda da baş verə bilər. 

Ümumiyyətlə “fast food” qidalardan insanlar uzaq durmalıdırlar. AQTA bu işlərə nəzarət edir. Təəssüf ki, Azərbaycanda qida zəhərlənmələrinin statistikası dünyadakı zəhərlənmə hallarından 1400 dəfə az göstərilir, ölümlərin sayı 74 dəfə az göstərilir. Yəni, Azərbaycanda zəhərlənmə statistikası gizlədilir və qurumlar da buna baxıb qərar qəbul edir ki, guya biz dünyanın ən xoşbəxt xalqıyıq. Yəni, bu sektora AQTA nəzarət edir, istehlakçı bilə bilməz ki, məhsulun tərkibində bakteriya var, ya, yox”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top