Deputatdan “Azərlotereya” ilə bağlı AÇIQLAMA: “Bu şəbəkənin genişləndirilməsinə ehtiyac yoxdur”

GÜNDƏM 12 may 2022, 17:10
“Bir vətəndaş kimi bütün mərc oyunlarının, mobil qumarxanaların əleyhinəyəm. Çünki bu oyunlar həm insanların maddi durumuna çox ciddi təsir göstərir, həm də insanların psixologiyasını pozur”.

 Bu fikirləri Demokrat.az-a Milli Məclisin deputatı Tahir Rzayev deyib. Milli Məclisin üzvü bir çox hallarda bu oyunların insanları müflisləşdirdiyini bildirib:

“Belə oyunlar insanları nəinki müflisləşdirir, hətta ailələrin dağılmasına, insanların özünə qəsd etməsinə kimi gətirib çıxıarır. Bir var ki, insan hansısa idmanla məşğul olur, öz-özünü idman oyunlarında sınayır və sonda məğlubiyyətlə üzləşsə də bununla barışır. Amma bu mərc oyunları ilə oynamaq insanın düşüncəsindən, məntiqindən asılıdır, fiziki hazırlığından asılı deyil. İnsanlar başa düşməlidir ki, bu mərc oyunlarında onlarınki gətirməyə də bilər.



Çox təəssüflər olsun ki, Azərbaycanda bu oyunlar geniş vüsət alıb. Və insanların bu oyunlara marağı gündən-günə artır. Mütləq bunun səbəbləri araşdırılmalıdır ki, nə üçün insanlar yaxşı hallara, müsbət hadisələrə meyillənmirlər? Niyə mərc oyunları, qumarxanalar və digər bir çox mənfi hallar bizim insanların həyatına siraət etməlidir? Ona görə də, hesab edirəm ki, bunun bir həddi olmalıdır. İndi ola bilsin ki, “Azərlotereya” müəyyən daxili qaydada, çərçivədə fəaliyyət göstərir. Amma, məncə, bu şəbəkənin genişləndirilməsinə elə ehtiyac yoxdur”.

Milli Məclisin üzvü bu gün insanların bu oyunların çox acı nəticələrini yaşadığını vurğulayıb:

“Bu cür oyunlar insanların vaxtını almaqla bərabər, həm də küçələrdə, məhəllələrdə insanlar çox sayda bunun acı nəticələrini görürlər. Təbii ki, burada dövləti günahlandırmaq olmaz. Əlbəttə ki, dövlət müəyyən məsələlərdə öz nəzarətini artırmalıdır. Ancaq insanlarımız özləri düşünməli, özləri öz qeydlərinə qalmalıdırlar. Və hansı məqsədlərə xidmət etdiklərini, hansı vasitələrə aludə olduqlarını ölçüb-biçməlidirlər. Düşünürəm ki, əgər həqiqətən də, “Azərlotereya”nın oyunları insanlara, onların ailələrinə mənfi təsir göstərirsə, o zaman bu məsələ ictimailləşdirilməlidir. Və dövlətimiz də qanun çərçivəsində bu barədə lazımi tədbirlərin görməlidir”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top