Palma yağı bu xəstəliklərlə səbəb olur — Ekspert

GÜNDƏM 16 oktyabr 2025, 21:40
“Palma yağı son illərdə qida sənayesində ən çox istifadə olunan, eyni zamanda ən çox tənqid edilən yağlardan biridir”. 

Bunu qida mühəndisi, ekspert Güldanə Qasımlı Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, bu yağ əsasən ucuzluğu və uzunmüddətli saxlanma imkanı ilə istehsalçılar üçün cəlbedici sayılır:

“Lakin onun sağlamlığa təsiri ilə bağlı ciddi elmi müzakirələr aparılır. Palma yağının tərkibində doymuş yağ turşularının miqdarı yüksəkdir ki, bu da ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Xüsusilə, sənaye üsulu ilə emal olunan və hidrogenləşdirilmiş palma yağı trans yağlara çevrilir. Trans yağlar damarların elastikliyini azaldır, xolesterini artırır və infarkt riskini yüksəldir. Uşaqlarda və yeniyetmələrdə belə yağların həddən artıq qəbulu piylənməyə və hormonal pozğunluqlara səbəb ola bilər. Avropalı həkimlər də uzunmüddətli palma yağı istehlakının xroniki xəstəliklərə yol açdığını bildirir. Bu səbəbdən bir çox ölkələrdə onun istifadəsi məhdudlaşdırılır və məhsul etiketlərində açıq şəkildə göstərilməsi tələb olunur. Azərbaycanda isə palma yağına tələbatın artması onun ucuz alternativ sayılması ilə bağlıdır. Lakin ucuz xammalın sağlamlıq baxımından baha başa gəldiyi unudulmamalıdır. Təbii kərə yağı, zeytun yağı və ya günəbaxan yağı orqanizm üçün daha təhlükəsiz variantlardır. Xüsusən uşaqlar və hamilə qadınlar bu yağdan uzaq durmalıdır. İstehlakçılar məhsul alarkən tərkibə diqqət etməli və palm oil və ya palmitate yazılarını gördükdə ehtiyatlı olmalıdırlar. Sağlam qidalanma üçün az emal olunmuş, təbii yağlara üstünlük vermək ən doğru seçimdir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top