Ortaq əlifba ideyası türk xalqları arasında inteqrasiyanı dərinləşdirəcək — AÇIQLAMA

GÜNDƏM 10 oktyabr 2025, 14:00
“Ərdoğanın Qəbələdə keçirilən TDT Zirvə toplantısında səsləndirdiyi “ortaq türk əlifbasının formalaşdırılmasını tezləşdirməliyik” fikri, təkcə dil və yazı məsələsi kimi deyil, türk xalqları arasında mədəni, siyasi və strateji birliyin möhkəmləndirilməsi istiqamətində irəli sürülmüş konseptual çağırış kimi qiymətləndirilməlidir”. 

Bunu Demokrat.az-a açıqlamasında türkoloq-alim Elçin İbrahimov deyib. O bildirib ki, ortaq əlifba ideyası türk xalqlarının ortaq yazı sistemi üzərində birləşməsini, qarşılıqlı anlaşmanın və kommunikativ əlaqələrin səmərəliliyini təmin etməyi hədəfləyir:

“Bu təşəbbüs türk xalqları arasında inteqrasiya proseslərinin dərinləşməsinə, mədəni mübadilələrin genişlənməsinə və ümumtürk identikliyinin güclənməsinə xidmət edən strateji bir istiqamət kimi dəyərləndirilə bilər.

Türk dünyasında ortaq dilin və ədəbi məkanın təşəkkülü yalnız dil islahatları ilə məhdudlaşmır; bu proses eyni zamanda ortaq mədəni dəyərlərin – dastanların, romanların, böyük şəxsiyyətlərin yaradıcılığının paylaşılması vasitəsilə reallaşır. Ç.Aytmatovun əsərinin ortaq əlifbada nəşri bu istiqamətdə atılmış mühüm addım kimi, türk xalqları arasında qarşılıqlı anlaşmanı gücləndirir, ortaq mənəvi dəyərlərin təbliğinə və gənc nəsillərdə ümumtürk kimliyinə bağlılıq hissinin formalaşmasına xidmət edir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2025, 17:11
Top