Solovyov və Simonyan kimilər heç nəyə nail ola bilmədi — Deputat

GÜNDƏM 10 oktyabr 2025, 12:27
“Keçən ilin dekabrında AZAL-a məxsus təyyarənin Rusiya hava məkanında vurulması Azərbaycan–Rusiya münasibətlərində soyuqluq yaratmaq istəyən qüvvələr üçün bir fürsət oldu. Təbii ki, təyyarəmizin qəsdən vurulduğunu heç vaxt demədik. Azərbaycan sadəcə belə hallar zamanı hər bir suveren dövlətin göstərməli olduğu hərəkətləri Rusiyadan tələb etdi. Amma Solovyov, Simonyan, Mardan, Zatulin və s. bu fürsəti özlərinə meydan seçdilər və iki ölkə arasında siyasi münasibətlərdə gərginliyi dərinləşdirməyə çalışdılar”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, onların bütün cəhdləri ölkələrimiz arasındakı ticarət-iqtisadi əməkdaşlığa heç bir xələl gətirə bilmədi:



“Cari ildə keçən ilə nisbətən iki ölkə arasındakı ticarət-iqtisadi əməkdaşlıqda 16% artım ölkələrimizarası münasibətlərdə çatlar yaratmaq istəyənlərin heç nəyə nail ola bilmədiyini bir daha göstərdi. Dövlət başçılarımızın Düşənbədə baş tutmuş ikitərəfli görüşdə siyasi iradəsinin qətiyyəti bütün məsələlərə aydınlıq gətirilməsinə imkan verdi.

Rusiyanın dövlət başçısının görüşdə təyyarəmizlə bağlı baş vermiş insidentə ətraflı şəkildə şərh verərək üzr istəməsi, məsuliyyəti üzərinə götürməsi, kompensasiyanın qısa zamanda ödəniləcəyi və hadisənin baş verməsinə səbəb olanların hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirməsi əsas gözləntimiz idi. Azərbaycan və Rusiya yaxın qonşu, çox inteqrasiya olunmuş və sıx əməkdaşlığa malik ölkələrdir. Təbii ki, hər iki tərəf əlaqələrdəki inkişaf dinamikasını dəyərləndirərək qorumalı, qarşılıqlı hörmət və fayda əsasında münasibətləri davam etdirməlidirlər”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top