Bakının Sabunçu rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Əhliman yaşadığı evin yataq otağında həyat yoldaşı Gülsənəmlə (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, 38 yaşlı kişinin evə gec gəlməsi üstündə mübahisə baş verib. Həmin vaxt qadın ərinə evə gec gəlməsinə görə iradını bildirib. Bundan hiddətlənən kişi arvadına şiddət göstərib, onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Əhlimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Əhliman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü ildə Gülsənəmlə ailə həyatı qurub və birgə nikahdan iki oğul övladı var:
"Uzun müddətdir aramızda qısqanclıq zəminində mübahisələr olur. Məlum hadisədən əvvəlki gün yük daşıma sifarişlərimin çox olmasına görə evə gəlmədim və işlərimi bitirdim. Sonra isə təxminən saat 16 radələrində yaşadığım ünvana gəldim. Evin yataq otağında olarkən Gülsənəmlə aramızda ailə-məişət zəminində mübahisə baş verdi. Mübahisəyə səbəb mənim evə gec gəlməyim oldu. Mübahisə nəticəsində Gülsənəmin baş nahiyəsinə hər iki əlimlə iki dəfə vuraraq ona xəsarət yetirdim. O, qışqırmağa başladığı üçün onu buraxdım və evdən getdim".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda etdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini deyib. O, zərərçəkmiş şəxslə barışdığını söyləyib. Bildirib ki, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

