Vətəndaşların hüquqi savadlılığının kifayət qədər olmaması bəzi hallarda müqavilə və digər hüquqi münasibətlərdə onların hüquqlarının pozulmasına səbəb ola bilər. Xüsusilə vətəndaşın qanunla nəzərdə tutulmayan və ya onun hüquqlarını məhdudlaşdıran şərtlə razılaşması hüquqi baxımdan müəyyən suallar yaradır.
Bəs vətəndaş sonradan hüququnun pozulduğunu müəyyən etdikdə belə razılaşmanın və ya müqavilə şərtinin dəyişdirilməsini, etibarsız sayılmasını və ya dəymiş zərərin ödənilməsini tələb edə bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Mircavid Miriyev bildirib ki, "vətəndaş qanunu bilmirdi" faktı təkbaşına müqavilə şərtini etibarsız etmir.

Onun sözlərinə görə, burada əsas məsələ həmin şərtin qanuna zidd olub-olmaması, vətəndaşın həmin şərtlə necə razılaşdığı və qarşı tərəfin aldatma və ya digər sui-istifadəyə yol verib-verməməsidir:
"Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, Məcəllədə müəyyən edilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız ola bilər. Qarşı tərəf vətəndaşın məlumatsızlığından istifadə edibsə, bu halda müqavilənin etibarsızlığı məsələsi gündəmə gələ bilər.
Xüsusilə, qarşı tərəf elə bir məlumatı gizlədibsə ki, vətəndaş bunu bilsəydi müqaviləni bağlamayacaqdı, müəyyən hallarda bu, aldatma kimi qiymətləndirilə bilər.
Aldatma iddiasının irəli sürülməsi üçün qarşı tərəfin konkret davranışı, gizlətdiyi məlumat, verdiyi yanlış məlumat və bunun müqavilənin bağlanmasına təsiri sübut edilməlidir".

