Kriminal

"Həyasız sənin anandır" sözünə görə qadını maşından düşürüb döydü — Təfərrüat

Həyasız sənin anandır sözünə görə qadını maşından düşürüb döydü — Təfərrüat

Bakının Sabunçu rayonunda taksi sürücüsü müştəri qadınla mübahisə edib, onlardan birinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Sabunçu qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Hidayət əvvəllər tanımadığı və avtomobilinə sərnişin kimi götürdüyü Hicrana (adlar şərtidir – red.) xəsarət yetirib.

İstintaq sənədlərinə görə, Hidayət şəhər şosesində olduğu zaman taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilinə sifariş alıb və sifariş əsasında müştəri qismində əyləşmiş Hicran onun üçün sifariş verən şəxs tərəfindən sifarişin son ünvanının mobil tətbiq vasitəsilə dəyişdirildiyini bilməyərək ilkin sifarişdə qeyd edilən ünvana çatdırmağını tələb edib.

Buna görə də Hicran əlavə ödəniş haqqını ödəməyib, habelə əlavə ödənişi etmədiyinə görə avtomobili tərk etməsi tələbindən imtina edib və taksi sürücüsünün valideynlərinin ünvanına nalayiq ifadələr işlədib.

Bu səbəbdən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə nəticəsində Hidayət yumruqla Hicranın bel və baş nahiyələrinə qəsdən vurub, ona xəsarət yetirib.

Hidayətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Hidayət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisədən iki ay əvvəl taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olub:

"Məlum hadisə günü, səhər saat 5 radələrində Xəzər rayonu, Şağan qəsəbəsindən Sabunçu rayonu, Zabrat qəsəbəsinə və Babək prospektinə sifariş qəbul edərək həmin ünvana yaxınlaşdım. Müştəriləri yola salan iki nəfər şəxs müştərilərdən birini Zabrat qəsəbəsinə, digərini isə Xətai rayonuna aparmalı olduğumu bildirdi. Həmin şəxslərə sifariş üzrə xəritədə hara qeyd olunubsa, həmin ünvanlara onları çatdıracağımı bildirdim".

Təqsirləndirilən şəxs deyib ki, daha sonra müştəriləri avtomobilə əyləşdirib və hərəkətə başlayıb:

"Müştərilərdən birini Sabunçu rayonu, Zabrat qəsəbəsinə çatdırdım, digəri ilə birgə ikinci istiqamət üzrə hərəkətə başlayan zaman mobil telefonda xəritə üzrə növbəti gedəcəyi istiqamətin onları götürdüyüm ünvanın qeyd olunduğunu müştəriyə bildirdim. Lakin müştəri ikinci sifarişi Xətai rayonuna verdiyini bildirərək onu həmin ünvana çatdırmağımı tələb etdi. Həmin müştəriyə onu Xətai rayonuna aparmağım üçün əlavə olaraq 5 manat ödəməyi bildirdim. Lakin həmin şəxs heç bir ödəniş etməyəcəyini və onu həmin ünvana çatdırmalı olduğumu tələb etdi".

Hidayətin ifadəsinə görə, daha sonra həmin şəxsə avtomobili tərk etməsini bildirib:

"Lakin müştəri düşmədiyi üçün əlavə olaraq, ümumilikdə 3 dəfə təkrar avtomobili tərk etməsini tələb etdiyim zaman müştəri səs-küy salmağa başladı. Həmin şəxsə həyasızlıq etməməsini və avtomobili tərk etməsini tələb etdim. Bu zaman həmin şəxs "həyasız sənin anandı" sözünü işlətdi. Bundan sonra avtomobildən enərək müştərinin arxa sağ tərəfdə əyləşdiyi qapını açdım və qolundan tutaraq düşməsini tələb etdim. Onun avtomobili tərk etmədiyini gördüm və avtomobilin digər arxa qapısını açaraq əyləşdim. Onu maşından zorla düşürdüm. Bundan sonra həmin şəxsin avtomobildə olan əl çantası və mobil telefonunu üzərinə atdım, oradan uzaqlaşaraq getdim. Hadisə vaxtı orada bizdən başqa heç kim olmayıb. Etdiyim əməldən peşmanam, zərərçəkmiş şəxslə barışmışam".

İş üzrə zərərçəkmiş Hicranın sözlərinə görə, 2025-ci il dekabrın 31-də yeni ili qeyd etmək məqsədilə rəfiqələri ilə birlikdə Xəzər rayonu, Şağan qəsəbəsində ev kirayələyərək əyləndikdən sonra yanvarın 1-də, səhər saat 05 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan rəfiqəsiylə taksi sifariş ediblər:

"Rəfiqəmi və məni yaşadığımız ünvana çatdırması üçün iki istiqamətli taksi sifariş etdik. Sifarişi qəbul edərək gələn taksiyə əyləşdik və ilk növbədə rəfiqəmin yaşadığı ünvana çatdırmaq üçün Zabrat qəsəbəsinə getdik. Rəfiqəmlə sağollaşaraq taksi sürücüsü ilə bir qədər hərəkət etdikdən sonra sürücünün telefonuna zəng gəldi. Telefonla danışdıqdan sonra dedi ki, maşından düşməlisiz. Mən isə ona 21 manat ödəniş etdiyimi, məni apararaq ünvanda düşürməli olduğunu bildirdim. O isə düşməli olduğumu bildirərək məni döyərək zorla maşından düşürməyə çalışdı. Mən gecə saat 5-də dörd yolda nə edəcəyimi bilmədim, eyni zamanda telefonumda taksi şirkətinin tətbiqi olmadığı üçün maşından düşmədim".

Zərərçəkmiş qeyd edib ki, daha sonra onunla birlikdə maşında olan rəfiqəsinə zəng edib və sürücünün onu aparmadığını bildirib:

"Rəfiqəm indi zəng edəcəyini və sürücünün məni aparacağını bildirdi. Lakin Hidayət rəfiqəmin telefonunu götürmədi. O, avtomobildən məni düşürdə bilmədiyi üçün digər arxa qapını açaraq ayağı ilə itələdi, zorla məni yerə düşürdü. Avtomobildən məni itələyərək yerə düşürdən zaman başım yerdə olan daşa dəydi. Mübahisəni mobil telefonumla videoçəkiliş etmək istəyən zaman sürücü əlimdən mobil telefonu aldı. Məni düşürdükdən sonra yerə mobil telefonumu ataraq idarə etdiyi avtomobili ilə oradan getdi. Hətta Hidayət baqajdan dəmir alət götürdü və həmin alətlə məni vurdu. Mənim çantam maşında qaldı. Mən 4 saat orada gözlədim. Lakin oradan bir dənə də olsun maşın keçmədi. Sonra rəfiqəmə zəng etdim və rəfiqəm sürücüyə zəng etməsinə baxmayaraq, o, geri qayıtmadı. Hətta özüm də zəng edərək geri qayıtmasını, məni döyərək küçənin ortasında qoymasını, ondan şikayət edəcəyimi bildirdim. O, "hara istəyirsən şikayət et" deyərək məni bloka atdı".

Zərərçəkmiş qeyd edib ki, daha sonra Hidayətin barəsində şikayət edib. Onun sözlərinə görə, ilk dəfədir başına belə bir iş gəlib: "Bu hadisədən sonra sarsıntı keçirmişəm, psixoloji yardım almağa başlamışam. Mənə təqsirləndirilən şəxs tərəfindən 3500 manat ödənilib. Onu anasına görə bağışlamışam, barışmışam. Buna görə də ona qarşı heç bir şikayət və tələbim yoxdur. Mənə dəymiş ziyan tamamilə ödənilib".

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinin icraatına xitam verilib.

Fariz Məlikli

R
Redaktor