Bakının Xəzər rayonunda 58 yaşlı kişi tanışına ağır xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda baş verib.
Lerik rayon sakini, 1968-ci il təvəllüdlü Sabir tanışı Elmana (adlar şərtidir – red.) xəsarət yetirib.
İstintaq sənədlərinə görə, Sabir fərdi evin həyətində olduğu zaman tanışı Elmanın onun icazəsi olmadan alkoqol sərxoşluğu vəziyyətində həyətə daxil olması, ünvanına nalayiq sözlər işlətməsi, habelə üstünə hücum çəkməsi səbəbindən baltanın arxa küt hissəsi ilə onun baş nahiyəsinin arxa hissəsinə bir dəfə vurub.
Sabirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sabir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Elmanı 3-4 il əvvəldən tanıyıb:
"Elmanın dəmir yığmaqla məşğul olduğunu bilmişəm. Münasibətlərimiz həmişə yaxşı olub. Hadisə baş verən vaxt Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində Samir adlı şəxsin evində usta kimi işləmişəm".
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 22 radələrində Samirin evində işini bitirib:
"Bu zaman Elman sərxoş halda tanımadığım şəxslə həyətə daxil oldu. Ona həyətə daxil olmamasını, nə sözü varsa, bayırda deməsini bildirdim. Lakin bu sözlərim ona sərxoş olduğu üçün xoş gəlmədi. Elman üstümə hücum çəkmək istədi. Bu zaman Elmanı əlimlə itələdim. O, yerə yıxıldı. Daha sonra Elman yerdən qalxaraq yenidən üstümə gəldi. Həmin vaxt həyətdə olan dəryazı götürərək kəsici olmayan küt tərəfi ilə belinin sol hissəsindən bir dəfə vurdum. Bundan sonra Elman məcbur olaraq oradan uzaqlaşdı və maşınına əyləşərək getdi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən sonra həm qohumları, həm də onun özü Elmanla maraqlanıb, onun müalicəsinə maddi yardım göstəriblər.
Təqsirləndirilən şəxs hazırda evli olduğunu, rəsmi evliliyindən başqa, ikinci bir qadınla da qeyri-rəsmi nikah münasibətində olmaqla ümumilikdə 10 nəfər uşağının olduğunu, həmin uşaqlardan birinin yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxsə qarşı törətdiyi cinayət əməlinə görə peşman olduğunu deyib.
İş üzrə zərərçəkmiş Elmanın sözlərinə görə, məlum hadisə günü, saat 22 radələrində başqa yerdə yeyib-içərək sərxoş olub:
"Daha sonra Sabirin işlədiyi həmin evə yanında bir nəfər azyaşlı, dəmir yığmaqda mənə kömək edən Ruslan adlı şəxslə birlikdə həyətə daxil olduq. Sabir mənə həyətə daxil olmamağı, sözüm varsa, bayırda deməyimi istədi. Sərxoş olduğum üçün Sabirin bu sözləri xoşuma gəlmədi və onun ünvanına nalayiq ifadələr işlətdim. Sonra Sabirin üstünə hücum çəkmək istədim. Bu zaman Sabir əlindəki baltanın kəsici olmayan küt tərəfi ilə başımın arxa tərəfindən bir dəfə vurdu. Mənim başım gicəllənsə də, yerə yıxılmadım, Sabirin üzərinə getdim. Bu zaman Sabir həyətdəki dəryazı götürərək kəsici olmayan küt tərəfi ilə sol qabırğamdan bir dəfə vurdu. Həmin zərbənin təsirindən məndə ağrılar yarandı. Buna görə də maşına minərək evə getdim. Daha sonra Təcili Tibbi Yardım maşını ilə məni Sabunçu xəstəxanasına apardılar. Təxminən 9-10 gün orada qalaraq müalicə aldım".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sabir 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdə qeyd olunub ki, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edilib və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti ilə şərti hesab olunub.
Hökmə əsasən, sınaq müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulub.

