Özəl

Kredit götürənlər bu şərtləri mütləq yoxlamalıdır

Kredit götürənlər bu şərtləri mütləq yoxlamalıdır

Bankla müqavilə imzalayarkən vətəndaşın diqqət etmədiyi bəzi şərtlər sonradan əlavə ödənişlərə və müxtəlif öhdəliklərə səbəb ola bilər. Xüsusilə müqavilənin bütün bəndlərinin əvvəlcədən diqqətlə nəzərdən keçirilməsi istehlakçının hüquqlarının qorunması baxımından əhəmiyyətlidir.

Bəs vətəndaş bank müqaviləsi bağlayarkən hansı şərtlərə diqqət etməli və sonradan yarana biləcək əlavə xərc və öhdəliklərdən özünü necə qorumalıdır?

Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələ 2022-ci ilin oktyabr ayından etibarən vətəndaşlar üçün müəyyən qədər asanlaşıb.

Kredit götürənlər bu şərtləri mütləq yoxlamalıdır

Onun sözlərinə görə, həmin vaxt Mülki Məcəllənin borc fəslinə dəyişikliklər edilib:

"Həmin vaxtdan Mülki Məcəllənin borc fəslində istehlak krediti ilə bağlı ayrıca paraqraf var. Və burada vətəndaşların hüquqlarının qorunmasına yönəlmiş bir sıra müddəalar öz əksini tapıb. Yəni bank müqavilədə hansısa məsələni fərqli şəkildə yazsa belə, qanun müəyyən hallarda həmin məsələnin necə tənzimlənməli olduğunu müəyyən edir. Bu da vətəndaşın müqavilə bağlayarkən hüquqi baxımdan daha çox müdafiə olunmasına imkan yaradır.

Bu baxımdan, vətəndaşın vəziyyəti müəyyən qədər yaxşılaşıb. Lakin bu, vətəndaşın müqaviləni oxumadan və şərtlərlə tanış olmadan imzalaya biləcəyi anlamına gəlmir. Hər bir halda, kredit götürən şəxs müqavilədəki əsas şərtlərə diqqət yetirməlidir.

Bunlar, ilk növbədə, kreditin müddəti, məbləği, faiz dərəcəsi, valyutası və cərimə məbləğləridir. Vətəndaş ən azı bu məsələlərə mütləq diqqət yetirməlidir. Xüsusilə kreditin ümumi məbləğinin, faizlərin və gecikmə halında tətbiq edilə biləcək cərimələrin əvvəlcədən aydın şəkildə bilinməsi vacibdir. Çünki vətəndaşın müqavilə üzrə real maliyyə öhdəliyi məhz bu şərtlərdən formalaşır.

Digər məsələlərə vətəndaş hətta diqqət yetirməsə belə, bank müqavilədə vətəndaşın açıq şəkildə zərərinə olan müddəalar yazarsa, həmin müddəalar qanunsuz və etibarsız hesab olunur. Yəni müqavilədə belə bir şərtin yer alması onun avtomatik olaraq qanuni və tətbiq edilə bilən olması demək deyil.

Ona görə də vətəndaş müqaviləni imzalamazdan əvvəl əsas maliyyə şərtlərini diqqətlə nəzərdən keçirməli, anlamadığı müddəalarla bağlı bankdan izahat tələb etməli və xüsusilə əlavə ödəniş və cərimələrlə bağlı şərtləri aydınlaşdırmalıdır".