Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov beynəlxalq əməkdaşlıq çərçivəsində xarici dövlətlərin Polis Akademiyalarında hüquq təhsili almaq üçün ezam olunacaq kursantları qəbul edib.
Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir həyatlarında ən əlamətdar günlərdən biri - polis kursantı adına layiq görülmələri münasibətilə gəncləri təbrik edib, uğurlar arzulayıb.
Ölkə rəhbərliyinin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkənin ictimai həyatında təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını diqqətə çatdırıb.
Kursantlara vətənin, eləcə də Azərbaycan polisinin adını daim uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edilib.




