Siyasət

YAP-ın qurultayında Ramiz Mehdiyevlə bağlı qərar verilməsi gözlənilir

YAP-ın qurultayında Ramiz Mehdiyevlə bağlı qərar verilməsi gözlənilir

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılması barədə siyasi təşkilatın 8-ci qurultayında qərar verilməsi gözlənilir.

Demokrat.az Teleqraf-a istinadən xəbər verir ki, oktyabrın 2-də keçiləcək qurultayda Ramiz Mehdiyevin partiyadan xaric edilməsi məsələsi müzakirəyə çıxarıla bilər.

YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə bir müddət əvvəl Ramiz Mehdiyevlə bağlı mütləq qərarın veriləcəyini bildirmişdi.

YAP İdarə Heyətinin üzvü Azər Badamov Teleqraf-a deyib ki, nizamnaməyə görə, üzvlərin partiyadan çıxarılması ilə bağlı qərar İdarə Heyəti tərəfindən verilir.

İdarə Heyətinin üzvləri qurultayda müəyyənləşir və qurultaydan dərhal sonra iclas keçirir.

Xatırladaq ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının və Veteranlar Şurasının üzvüdür. O, 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.

Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb.

Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb.

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ramiz Mehdiyevlə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.

JD
Jalə Davud