Siyasət

Hər anı qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsi şanlı tariximizdir

Hər anı qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsi şanlı tariximizdir

Ermənistanın 30 illik işğalına son qoyub Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim edən 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasından 6 il keçir. 2020-ci ilin 27 sentyabr tarixi şanlı Zəfərimizə gedən yolun başlanğıcı kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, həmin gün Anım Günü kimi qeyd edilir. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Qanları, canları ilə tarix yazan, 44 günlük İkinci Qarabağ müharibəsinin hər anını bir qəhrəmanlıq dastanına çevirən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, cəsarətli qərarları Vətən müharibəsində Qələbənin qazanılmasını şərtləndirən əsas və həlledici amillərdəndir. Bu gün Azərbaycanın bütün ərazilərində qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın dalğalanması hər birimizi qürurlandırır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il sentyabrın 27-də "İrəli!" əmrini böyük ruh yüksəkliyi ilə qarşılayan, 30 il bu günü səbirsizliklə gözləyən Vətən oğulları göstərdikləri qəhrəmanlıqlarla Azərbaycanın xalqının yenilməz, məğrur xalq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdilər. Bir daha təsdiqləndi ki, torpaq, əgər uğurunda ölən varsa, Vətəndir.

Təbii ki, hər bir hadisənin baş verməsini şərtləndirən amillər olur. Bu baxımdan 44 günlük İkinci Qarabağ münaribəsinin baş verməsini qaçılmaz edən səbəblər mövcuddur. 30 illik işğal dövrünün reallıqları dövlətimizin, xalqımızın səbir kasasını doldurmuşdu. Tarixə nəzər salsaq görərik ki, rəsmi İrəvan Azərbaycana qarşı uzun illər ərzində düşmənçilik siyasəti aparırdı. Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam etdi. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları ilk gündən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və yaşadıqları yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıb çıxarmışlar. Erməni qəsbkarları 1905-1907-ci ildə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişdilər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qalmışdır. Həmin illərdə tarixi Azərbaycan torpaqları olan İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, həmçinin Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir. Bütün bunlar tarixdir. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının "dənizdən dənizə böyük Ermənistan" adlı xülyasını reallaşdırmaq cəhdi Azərbaycan torpaqlarında kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın qətli, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etdilər. Hərbi təcavüz zamanı və işğal illərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar sırasında Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirdilər. Dövlət başçısı İlham Əliyevin hər zaman bildirdiyi kimi, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış, təhqir edilmiş dini abidələrimizi, məscidlərimizi, mədəni ocaqlarımızı, tarixi abidələrimizi heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun.

Vüqar Rəhimzadə vurğulayıb ki, həmin dövrün mühüm reallıqlarından biri dünya güclərinin ikili standartlara əsaslanan siyasəti idi. Təəssüf ki, bu siyasət bu gün də davam edir. Həmin dövrdə, 1992-ci ildə artıq tarixin arxivinə atılan qondarma Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk qrupu yaradıldı. Bu qurum yarandığı gündən missiyasının nədən ibarət olduğunu dərk etmək istəmədi. Qurumun həmsədr dövlətləri hər vəchlə müharibənin dondurulmasına, işğalın əbədi edilməsinə çalışdılar. İşğalçının adı ilə çağrılması İkinci Qarabağ müharibəsi baş verənədək həlli mümkünsüz olan bir məsələyə çevrildi. Bu ölkələrin ikili standartlarla yanaşmalarının nəticəsi idi ki, Ermənistan müxtəlif bəhanələrlə ya danışıqlardan yayınır, ya da görüşlərin keçiriləndən sonra təxribatlar törədirdi. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü - ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələri idi. Bu faktı ona görə təkrar-təkrar xatırladırıq ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi qətnamənin hazırlanmasında və qəbulunda iştirak edən bu ölkələr 28 il vasitəçilik missiyalarının mahiyyətini Ermənistana dəstəkdə, Azərbaycana qarşı ədalətsiz mövqedə dayanmaqda gördülər. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu reallığı da daim bəyan edir ki, İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər, əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Millət vəkili bildirib ki, 2020-ci ilin 27 sentyabr tarixində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən "Dəmir yumruq" gücümüzü, birliyimizi dünyaya nümayiş etdirdi. Həmçinin 44 günün hər günündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi" çağırışı öz təsdiqini tapdı. Hərbi müstəvidə əldə edilən Qələbə siyasi müstəvidə də davam etdi. Ermənistanın kapitulyasiyasının, Azərbaycanın hərbi-siyasi Qələbəsinin təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci il tarixdə Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub. Medal və ordenlərin təsis edilməsi Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Prezident İlham Əliyevin təşəbbüsü ilə salınmış Hərbi Qənimətlər Parkı Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə aidiyyəti qurumlara Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırıldı. 2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirildi. 2025-ci ilin noyabrın 8-də isə Zəfər muzeyinin açılışı oldu. 2020-ci ilin 10 dekabr tarixində tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradının keçirilməsi bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünün, qüdrətinin, 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətin nümayişi oldu.

Millət vəkili 44 günlük Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri kimi Prezident-Xalq-Ordu birliyini xüsusi vurğulayıb. Bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, ölkəmizin haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları Vətən müharibəsi dövründə görünməmiş həmrəylik nümayiş etdirdilər, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq "Dəmir yumruq" kimi səciyyələndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həm İkinci Qarabağ müharibəsinin gedişi zamanı, həm də postmünaqişə dövründə diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Dövlətimizin başçısı müharibə dövründə dünyanın 30-dan artıq aparıcı media qurumlarına müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıldı. İnformasiya savaşının əsas konturlarını təşkil edən həmin müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi.

Vüqar Rəhimzadə bildirib ki, şübhəsiz, tarixi Zəfərimizə gedən yolu, həmçinin 44 günlük Vətən müharibəsinin və postmünaqişə dövrünün reallıqlarını bir yazıda əhatə etmək çətindir. Ən əsasə odur ki, 2020-ci ilin 27 sentyabrından başlayaraq Azərbaycan Zəfərdən-Zəfərə doğru irəliləməkdə davam etdi. Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə davamlı səfərləri bu gün Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlərin miqyasının ölçüyəgəlməzliyində özünün aydın ifadəsini tapır. Azad Qarabağımızda, azad Şərqi Zəngəzurumuzda Azərbaycanın dünyaya təkmil şəhərsalma təcrübəsini təqdim edən bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurdlarına qayıdırlar. Hazırda 48 şəhər və kənddə 100 minə yaxın insan yaşayır, işləyir, təhsil alır. Bu gün qalib xalq, müzəffər dövlət kimi yaşayırıq. Hər anı qəhrəmanlıq dastanı olan 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində şəhərlərimizin azad olunduğu günlərin şəhər günü kimi təsis edilməsi Zəfərimizin əbədiləşdirilməsinə, hər zaman bu tarixlərin yaddaşlarda yaşamasına xidmət edir. 44 günün hər anı bir yazının mövzusu, gələcəyimizlə bağlı atılan addımın, göstərilən qəhrəmanlığın təqdimatıdır.

B
Qeyd edilməyib