Özəl

Soyuducunu bu vasitə ilə təmizləmək təhlükəlidir – Cihaz zədələnə bilər

Soyuducunu bu vasitə ilə təmizləmək təhlükəlidir – Cihaz zədələnə bilər

Soyuducunun mütəmadi təmizlənməsi həm cihazın ömrünü uzatmaq, həm də ərzaqların gigiyenasını qorumaq baxımından vacibdir. Lakin istifadə olunan təmizləyici vasitənin seçimi də böyük əhəmiyyət daşıyır.

Demokrat.az xəbər verir ki, "Slashgear"ın məlumatına görə, məişətdə geniş istifadə edilən ağardıcı, xüsusilə xlor tərkibli məhsullar soyuducunun təmizlənməsi zamanı ehtiyatla tətbiq edilməlidir. Bəzi istehsalçılar bu vasitələrdən ümumiyyətlə istifadə etməməyi tövsiyə edir.

Samsung şirkəti ağardıcının soyuducunun bəzi səthlərinə zərər verə biləcəyini və müəyyən hallarda yanğın təhlükəsi yarada biləcəyini bildirir. Xlor tərkibli maddələr, həmçinin aseton, ammonyak və benzol kimi aqressiv kimyəvi vasitələr paslanmayan poladın örtüyünü korlaya bilər.

Bundan əlavə, ağardıcının limonen kimi sitrus tərkibli maddələrlə qarışdırılması insan və heyvanlar üçün zərərli ola biləcək kimyəvi birləşmələrin yaranmasına səbəb ola bilər.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) tövsiyələrinə əsasən, xlor məhlulundan yalnız müəyyən şərtlərlə istifadə etmək mümkündür. Bunun üçün əvvəlcə soyuducu sabunlu su kimi başqa vasitə ilə təmizlənməli, daha sonra isə xlor məhlulu ciddi şəkildə durulaşdırılmalıdır. Mütəxəssislər isə ilk növbədə konkret soyuducunun istehsalçısının təlimatlarına əməl etməyi məsləhət görür.

Soyuducunun uzun müddət işlək vəziyyətdə qalması üçün kondensator hissəsindəki tozun da mütəmadi təmizlənməsi tövsiyə olunur. Bu hissənin təxminən ildə bir dəfə tozsoran və ya yumşaq fırça ilə təmizlənməsi cihazın enerji sərfiyyatına da müsbət təsir göstərə bilər.

Mütəxəssislər gündəlik və dərin təmizlik zamanı isə soyuducunun səthlərinə uyğun yumşaq yuyucu vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Jalə

JD
Jalə Davud