"Camaat nə deyər?" düşüncəsi bəzən insanların həyatında ciddi fəsadlara səbəb olur. Xüsusilə nikahdankənar doğulan uşaqlara münasibətdə cəmiyyətin qınağı və ailə təzyiqi ağır nəticələrə gətirib çıxara bilir.
Belə davranışların psixoloji kökündə hansı amillər dayanır?
Demokrat.az-a bu barədə danışan psixoloq Zümrüd Əsədova söyləyib ki, "Camaat nə deyər?" düşüncəsinin kökündə çox vaxt insanın öz dəyərini başqalarının fikri ilə ölçməsi dayanır:

"İnsan uşaqlıqdan müəyyən qaydalarla böyüyür. "El nə deyər?", "Ayıbdır", "Qonşu nə düşünər?", "Ailəmizin adına söz gəlməsin" və s. Zaman keçdikcə bunlar sadəcə ailənin dediyi sözlər olmaqdan çıxır, insanın daxilində bir səsə çevrilir. Bir müddət sonra insan qərar verərkən özündən əvvəl həmin səsi eşidir. Ən ağır tərəfi də budur ki, insan bəzən hadisənin özündən çox, insanların reaksiyasından qorxur. Məsələn, nikahdankənar uşağın doğulması ilə bağlı qadının yaşadığı qorxunun içində təkcə "Mən nə edəcəyəm?" sualı olmur. "Ailəm bunu necə qarşılayacaq?", "İnsanlar nə deyəcək?", "Uşağım cəmiyyət tərəfindən necə qəbul olunacaq?" kimi suallar da bir-birinin üstünə yığılır. Belə olduqda insan öz istəyindən və ehtiyacından uzaqlaşıb, cəmiyyətin gözləntilərinə uyğun qərarlar verməyə başlayır".
Psixoloq əlavə edib ki, burada utanc hissi də böyük rol oynayır:
"Utanc insana sadəcə "Mən səhv etmişəm" hissini yaşatmır. Bəzən insan özündə nəyinsə yanlış olduğunu düşünməyə başlayır. Özünü gizlədir, susur, dəstək istəmir. Bu isə psixoloji yükü daha da artırır. Amma cəmiyyətin münasibəti uşağın üzərinə keçirilməməlidir. Uşaq böyüklərin verdiyi qərarın və ya cəmiyyətin yaratdığı stereotiplərin məsuliyyətini daşımamalıdır. Onun hansı şəraitdə dünyaya gəlməsi onun dəyərini müəyyən etmir. Belə vəziyyətlərdə insan bir qədər dayanıb özünə baxmalıdır: "Mənim qorxduğum həqiqətən baş verəcək hadisələrdir, yoxsa mən insanların reaksiyasını əvvəlcədən öz içimdə yaşayıram?" Çünki bəzən bizi saxlayan real maneə olmur. Biz hələ heç nə baş verməmiş, başqalarının nə deyəcəyini düşünərək özümüzə həyatımızı yaşamağa icazə vermirik.
Qeyd edək ki, 1974-cü il təvəllüdlü qadın Naxçıvanda yeni doğulan körpəni öldürüb. Məlum olub ki, qadının öldürdüyü körpə onun öz qızı tərəfindən dünyaya gətirilib. 52 yaşlı təqsirləndirilən şəxsin ağlasığmaz cinayətinə səbəb isə körpənin nikahdankənar doğulması olub. Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində doğulan uşaq evə aparılan zaman avtomobildə boğularaq öldürülüb. Qadın uşağın səsinin eşidilməməsi üçün sürücüdən maqnitofona səs verilməsini istəyib. Qadının məhkəmə prosesi başa çatıb. Sonda K.S Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi üzrə təsirli bilinib. Oğlan nəvəsini qəsdən öldürən nənə 14 il müddətinə azadlıqdan məhrum edilib.

